Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi Avropa Parlamentinin Xarici əlaqələr komitəsinin 2023-cü il noyabrın 29-da “Ümumi təhlükəsizlik və müdafiə siyasətinin həyata keçirilməsi”, həmçinin “Ümumi xarici və təhlükəsizlik siyasətinin həyata keçirilməsi” ilə bağlı qəbul edilən illik hesabatlarında Azərbaycanla bağlı öz əksini tapmış beynəlxalq hüquqa zidd, qeyri-etik, ölkəmizin suverenliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş gülünc və qərəzli fikirləri qətiyyətlə rədd edir.
Qeyd edilib ki, Avropa Parlamentinin, sanki, bölgədəki reallıqlardan heç bir anlayışı yoxdur. Avropa Parlamentindəki həmkarlarımıza xatırladırıq ki, “Dağlıq Qarabağ münaqişəsi”, “Laçın dəhlizi” kimi artıq keçmişdə qalmış məsələlərə istinad olunması tamamilə məntiqsizlikdir.
Avropa parlamentarilərinin Avropa İttifaqının Ermənistandakı missiyasının Azərbaycan ərazisində yerləşdirilməsi ilə bağlı çağırışı təhlükəli geosiyasi rəqabətin Cənubi Qafqaz regionuna gətirilməsi cəhdi kimi yolverilməzdir və onların bəlli dairələrin Azərbaycana qarşı düşmənçilik fəaliyyətində alətə çevrildiyini göstərir.
Bəyanatda bildirilir ki, 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatda nəzərdə tutulan öhdəliklərin, xüsusilə Ermənistan silahlı qüvvələrinin Qarabağdan tamamilə çıxarılması ilə bağlı öhdəliyin məhz Ermənistan tərəfindən yerinə yetirilməməsi bu hesabatların müəlliflərinə çox yaxşı məlumdur.
Hesabatlarda Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi olan Qarabağda antiterror tədbirləri çərçivəsində öz suverenliyini bərpa etməsinin hərbi təcavüz adlandırılması, habelə Azərbaycanın beynəlxalq normaları pozduğunu iddia edərək, ona qarşı sanksiyaların tətbiqinə çağırışların yer alması Avropa Parlamentinin Xarici əlaqələr komitəsinin məsələlərə ikili standartlar, dini və etnik simpatiya əsasında yanaşmasının, korrupsiyaya bulaşmasının bariz göstəricisidir.
Ə.BƏDƏLOV
XQ

