Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası iyunun 23-də davam etdirilib.
Məhkəmə iclasında təqsirləndirilən şəxs Arayik Harutyunyan prokurorların suallarını cavablandırıb. Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimlinin suallarını cavablandıran A.Harutyunyan baş ofisi İrəvanda yerləşən Ermənistanın “Hayastan” ümumerməni fondunun (həmin fond 1992-ci ildə Ermənistan prezidenti Levon Ter-Petrosyanın fərmanı ilə yaradılıb – red.) üzvü olduğunu, fondun bütün iclaslarında iştirak etdiyini deyib. Təqsirləndirilən şəxs bildirib ki, fond üçün vəsaitlər nağd qaydada toplanmayıb, bank vasitəsilə köçürmə edilib.
İkinci Qarabağ müharibəsi dövründə fondun vəsaitlərindən istifadə olunmadığını da iddia edən təqsirləndirilən şəxs deyib: “Müharibə dövründə və sonrakı günlərdə xeyli vəsait - təxminən 100 milyon ABŞ dollarından artıq pul yığılıb. Bunların hamısı ev tikintisi üçün toplanmışdı”.
A.Harutyunyan Azərbaycanın vaxtilə işğal altında olmuş ərazilərinə Suriyadan və Livandan gətirilən şəxslərin qanunsuz məskunlaşdırıldığını da təsdiqləyib. Əlavə edib ki, Azərbaycanla sərhədyanı bölgələrdə – Ermənistanın Gorus, Qafan rayonlarında yaşayan Ermənistan vətəndaşlarının bir qismi həmin vaxt işğal altında olan Zəngilan, Qubadlı və Laçın rayonlarına gələrək orada qanunsuz məskunlaşıblar.
A.Harutyunyan qanunsuz məskunlaşmaq üçün digər ölkələrdən gələnlərlə müqayisədə Ermənistandan gələnlərin xüsusi təşviq edilmədiyini söyləyib. O, Laçın və Kəlbəcər rayonunda erməni milliyyətindən olan şəxslərin sonradan qanunsuz məskunlaşdırıldığını təsdiqləyib.
A.Harutyunyan qondarma rejimin büdcəsinin formalaşdırılması məqsədilə hər il Ermənistan büdcəsindən “faizsiz kredit” adı ilə vəsait ayrıldığını, lakin rejimin “ordusu”nun maliyyələşdirilməsində özlərinin rolunun olmadığını söyləyib: “Ordu” ayrıca maliyyələşdirilirdi (Ermənistan tərəfindən – red.). Biz “ordu” məsələlərində iştirak etmirdik”. O, Azərbaycanın vaxtilə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş ərazilərində yaradılmış qondarma qurumun “bank sistemi” barədə də prokurorun suallarını cavablandırıb. O, qondarma rejimin əsas “bankı” kimi təqdim olunan “Artsaxbank”ın Ermənistan Respublikasının Mərkəzi Bankı tərəfindən qeydiyyatdan keçirilən bank olduğunu söyləyib, vaxtilə işğal altında olan Azərbaycan ərazilərində Ermənistanın digər banklarının da filialları fəaliyyət göstərib. A.Harutyunyan filialların zərərlə işlədiyini də söyləyib.
Ardınca A.Harutyunyana Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev tərəfindən Azərbaycanın vaxtilə Ermənistanın işğalı altında olan ərazilərdə qanunsuz fəaliyyət göstərmiş “Frank Muller Group”, “Vallex Group”, “Zolotaya Zvezda” və “Vallex Group”un tərkibindəki “Base Metals” şirkəti ilə bağlı suallar verilib. A.Harutyunyan həmin şirkətlərin 2008-ci ildən sonra fəaliyyət göstərdiyini bildirib. Təqsirləndirilən şəxs deyib: “Base Metals” şirkəti dağ-mədən sahəsində fəaliyyət göstərirdi. Onların fəaliyyəti əsasən “Drombon” (Heyvalı – red.) qızıl yatağının istismarı ilə bağlı 2008–2013-cü illəri əhatə edirdi”.
A.Harutyunyan Zəngilan rayonundakı Vejnəli qızıl yatağına “Zolotaya Zvezda” şirkətinin 30 milyon dollardan çox investisiya yatırdığını, lakin layihənin uğursuz olduğunu söyləyib. Təqsirləndirilən şəxs “Karabax Telekom”la bağlı suallara cavabında şirkətin sahibinin Livan vətəndaşı olduğunu, şirkətin 2001-2002-ci illərdən 2023-cü ilədək fəaliyyət göstərdiyini, 2008-ci ildən hər il orta hesabla 4-5 milyon dollar vergi ödədiyini deyib. Onun sözlərinə görə, bu şirkət qondarma rejimin ikinci ən böyük vergiödəyicisi olub.
Digər sənədə əsasən, A.Harutyunyan onun tapşırığı ilə Gəncə şəhərinə zərbələr endirildiyini söyləyir. Prokurorun suallarını cavablandıran təqsirləndirilən şəxs Gəncə şəhərinin bombalanması barədə əmr vermədiyini bildirib: “Elə bir səlahiyyətim olmayıb”.
O xatırladıb ki, qondarma rejimin “ordusu” Ermənistan Respublikası silahlı qüvvələrinin silahlı birləşməsidir: “Müstəqil hərəkət etmək səlahiyyəti olmayıb. Həmin birləşmənin bizə tabe olmaq, bizim təlimatları həyata keçirmək hüququ yox idi”.
Məhkəmədə “Azərbaycan Hava Yolları” QSC-dən və digər əlaqədar qurumlardan daxil olmuş, təyyarələrin uçuşuna maneə törədilməsinə, habelə Xankəndidə və Xocalıda içərisində siqnalları qarışdırmaq üçün avadanlıq, PUA-ların siqnallarının vurulması sistemi və s. olan avtomobillərin aşkarlanması, onların ekspertizadan keçirilməsinə dair protokollar tədqiq edilib.
Baş Prokurorluğun dövlət ittihamçısı Vüsal Abdullayev A.Harutyunyana Azərbaycanın öz ərazilərini işğaldan azad etdikdən sonra həmin torpaqlarda tikinti-quruculuq işləri zamanı kütləvi məzarlıqların aşkarlanmasını xatırladıb və ona bu istiqamətdə suallar ünvanlayıb. O isə işğal dövründə Ermənistan və qondarma rejim tərəfindən həyata keçirilən tikinti işləri zamanı kütləvi məzarlıqların aşkarlanmamasının səbəbini belə “izah” edib: “Bizim gördüyümüz bütün quruculuq işləri Azərbaycanın indi etdiyinin bir neçə faizini təşkil edib. Ona görə tapmamışıq…”.
Təqsirləndirilən şəxs 44 günlük müharibə dövründə Ermənistanın baş nazirinin müavinlərinin, nazirlərinin, deputatlarının həmin vaxt Azərbaycanın işğal altında olan ərazilərinə gəldiyini təsdiqləyib və onlardan bir neçəsinin adını çəkib. Bildirib ki, bu şəxslər Ararat Mirzoyan, Suren Papikyan (Ermənistanın indiki müdafiə naziri – red.) və digərləridir.
Məhkəmə prosesi iyunun 30-da davam etdiriləcək.
XQ