Qocalmanın ölçülməsi üçün yeni test: alimlər sağlam həyat müddətini proqnozlaşdırır

post-img

Böyük Britaniya və Finlandiyadan olan beynəlxalq alimlər qrupu insanın sağlam və aktiv həyat müddətini (healthspan) qiymətləndirmək üçün yeni test yaradaraq qocalmanın tədqiqində mühüm irəliləyiş əldə ediblər.

Tədqiqatın nəticələri ABŞ Milli Elmlər Akademiyasının elmi jurnalı olan “Proceedings of the National Academy of Sciences” (PNAS) nəşrində dərc olunub.

“Healthspan Proteomic Score” (HPS) adlanan bu üsul qanda yer alan 86 əsas zülalı təhlil edir və yaşla bağlı xəstəliklərin inkişaf ehtimalını yüksək dəqiqliklə proqnozlaşdırmağa imkan verir.

Tədqiqatçılar 56 000 nəfərə aid tibbi məlumatları təhlil ediblər. Nəticədə müəyyən olunub ki, aşağı HPS göstəricisi ölüm riskinin artması və ürək çatışmazlığı, şəkərli diabet, demensiya və insult kimi xəstəliklərin yaranması ilə əlaqəlidir.

Yeni test artıq Finlandiyadakı müstəqil bir kohort ("kohort"- ümumi xüsusiyyətləri və ya təcrübələri paylaşan bir qrup insana aiddir-red.) üzərində də uğurla sınaqdan keçirilib və bioloji yaşı qiymətləndirmək üçün mövcud üsullarla müqayisədə daha yüksək dəqiqlik göstərib. Texnologiya hələlik geniş klinik praktikada tətbiq olunmasa da, tədqiqatçılar onu gələcəkdə tibbi müayinələrin bir hissəsinə çevirmək üçün fəal işləyirlər.

Bu kəşf gələcəyin profilaktik təbabətinə doğru atılmış mühüm addım hesab olunur - burada həkimlər artıq yalnız xəstəlikləri müalicə etməyəcək, həm də onların qarşısını qabaqcadan ala və insanların sağlam həyat ömrünü uzada biləcəklər.

XQ

Maraqlı