Azərbaycan Mədəniyyəti Avstriyada təbliğ olunur

post-img

Zalsburq şəhərində fəaliyyət göstərən Azərbaycan evi təkcə Avstriyada yaşayan soydaşlarımız üçün deyil, həmçinin yerli sakinlər – avstriyalılar üçün də mədəniyyətlərarası dialoqun canlı ünvanına çevrilib. Burada keçirilən tədbirlər, təqdimatlar və fərdi qəbullar Azərbaycan mədəniyyətinə maraq göstərən hər kəs üçün yeni imkanlar yaradır.

AZƏRTAC xəbər verir ki, Azərbaycan evinin budəfəki xüsusi qonağı Avstriya vətəndaşı Bernhard Kirchsteiger olub.

Azərbaycan mədəniyyətinə böyük maraq göstərən Bernhard Azərbaycanı may ayında ziyarət etməyi çox istədiyini bildirib. O, Zalsburqda Azərbaycan evində ölkəmizin zəngin mədəni irsi və milli dəyərləri ilə yaxından tanış olmaq imkanı əldə edib.

Azərbaycan evinin rəhbəri Fərid Əzizov qonağa Azərbaycanın turizm imkanları, tarix və mədəniyyət baxımından zəngin bölgələri, eləcə də turistlərin maraq göstərdiyi məşhur məkanlar haqqında geniş məlumat verib.

Azərbaycanın milli geyimlərini böyük maraqla qarşılayan Bernhard həmin geyimlərlə xatirə şəkilləri çəkdirib. Eyni zamanda, ona Azərbaycanı səfər etmək üçün dəstək göstərilib və “ASAN Viza” sistemi vasitəsilə vizası təmin edilib. Qonağa həmçinin Azərbaycanın müxtəlif bölgələrini tanıdan broşürlər və nəşrlər hədiyyə olunub.

Sonda Bernhard, Zalsburq Azərbaycan evinin rəhbərliyinə və əməkdaşlarına dərin təşəkkürünü bildirərək, Azərbaycan mədəniyyətini tanımaqdan məmnun olduğunu söyləyib.

Qeyd edək ki, Zalsburq Azərbaycan evi bu kimi təşəbbüslərlə Azərbaycan mədəniyyətinin Avropada tanıdılması və təbliği istiqamətində fəaliyyətini uğurla davam etdirir.











Mədəniyyət