Azərbaycan 34-cü Doha Beynəlxalq Kitab Sərgisində təmsil olunur

post-img

8-17 may tarixlərində Qətər Dövlətinin paytaxtı Doha şəhərində 34-cü Beynəlxalq Kitab Sərgisi keçirilib.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı və Qətər Dövlətindəki səfirliyimizin dəstəyi ilə ölkəmiz sərgidə milli stendlə təmsil olunur.

Mədəniyyət Nazirliyindən aldığımız məlumata görə, 15 kvadratmetr sahədə ödənişsiz əsaslarla qurulan stendimizdə ölkəmizə dair 207 adda 300-ə yaxın yeni nəşr nümunəsi yer alıb. Sərgi ziyarətçilərinə Azərbaycanın tarixi, mədəniyyəti və müasir inkişafına dair kitablar barədə ətraflı məlumat verilir.

Mədəniyyət Nazirliyi Xarici ölkələrlə əməkdaşlıq sektorunun müdiri Aydan Nurəlizadə və Kitab sənayesi şöbəsinin əməkdaşı Kəmalə Əlyarova sərginin açılış günü bir sıra tədbirlərə qatılıb. Eyni zamanda bu ilin oktyabr ayında keçiriləcək XI Bakı Beynəlxalq Kitab Sərgisi haqqında ətraflı məlumat verilib və bu haqda hazırlanmış videotəqdimat nümayiş etdirilib.

Milli stendimizi Azərbaycan Respublikasının Qətər Dövlətindəki səfiri Adış Məmmədov da ziyarət edib.
29 min kvadratmetr sahədə 40 ölkədən 500-ə yaxın nəşriyyatın təmsil olunduğu 34-cü Doha Beynəlxalq Kitab Sərgisinə böyük maraq var.





Mədəniyyət