Rusiya Elmlər Akademiyasının (REA) ümumi yığıncağında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 2 həqiqi üzvü – akademik-katibi, Elm və Təhsil Nazirliyinin Fizika İnstitutunun baş direktoru, akademik Arif Həşimov və nazirliyin Geologiya və Geofizika İnstitutunun baş direktoru, akademik Akif Əlizadə də qurumun xarici üzvləri seçiliblər.
Seçkilərin nəticələri barədə məlumatda bildirilib ki, bu il REA-ya yeni xarici üzv seçilən 39 alim dünyanın 20 ölkəsini təmsil edir. Azərbaycanla yanaşı, bu siyahıya Özbəkistan, Qazaxıstan, Belarus, Çin, ABŞ, Finlandiya, İran, İtaliya, İspaniya, İsrail, Braziliya, Macarıstan, Vyetnam və digər ölkələr daxildir.
AMEA-dan XQ-yə bildirilib ki, bu seçkilər Azərbaycan elminin beynəlxalq aləmdə artan nüfuzunun parlaq göstəricisi olmaqla yanaşı, iki ölkə arasında elmi əməkdaşlığın inkişafına dəstək olacaq. Soydaşlarımızın bu beynəlxalq uğuru onların fundamental və tətbiqi elmi fəaliyyətdə qazandıqları nailiyyətlərin, elmin inkişafına, yüksək ixtisaslı elmi kadrların hazırlanmasına verdikləri töhfələrin Rusiya Elmlər Akademiyasında layiqincə qiymətləndirilməsi deməkdir. Bu həm də Azərbaycan elminin qlobal elmi məkanla inteqrasiyasına verilmiş əhəmiyyətli töhfədir.
T.AYDINOĞLU
XQ