“Muğam aləmi” Festivalı Ağdamda başa çatdı

post-img

Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Muğam aləmi” 7-ci Beynəlxalq Musiqi Festivalına yekun vurulub.    

Bağlanış mərasimi muğamın beşiyi olan azad Qarabağda – Ağdamdakı Muğam Mərkəzində olub.

Tədbirdə çıxış edən mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanov iyunun 17-dən 22-dək davam edən ənənəvi muğam bayramının müxtəlif maraqlı tədbirlərlə yaddaşlara yazıldığını bildirib.

Özbəkistanın və Tacikistanın Xalq artisti, muğam müsabiqəsində münsiflər heyətinin sədri Munojat Yolçiyeva çıxışında muğamın çoxsaylı xalqları birləşdirən bir dəyər olduğunu söyləyib.

Azərbaycan Milli Konservatoriyasının rektoru Kamilə Dadaşzadə festivalın bağlanış mərasiminin Qarabağda – işğaldan azad edildikdən sonra sürətlə qurulan, dirçəldilən muğam-sənət beşiyi Ağdamda keçirilməsinin tarixi hadisə olduğunu deyib.  

Sonra festival çərçivəsində təşkil olunmuş beynəlxalq muğam ifaçıları müsabiqəsinin laureatları mükafatlandırılıb. Azərbaycan Milli Konservatoriyasının “Ənənəyə sadiqliyə görə” xüsusi mükafatı Çindən Sincan Uyğur musiqi qrupuna təqdim olunub.

Özbəkistan təmsilçiləri Alibek Saparboyev və Dilnoza Akbarova (III yer), Azərbaycan təmsilçiləri Nurəddin Tağıyev və Məhta Məhəmmədəlizadə Behnama (II yer), Özbəkistandan Farangiz Mahmudova (I yer) və müsabiqənin Qran-prisini qazanan Azərbaycan təmsilçisi Məftun Səfərliyə mükafatlar təqdim edilib.

Mərasim müsabiqə laureatları və digər xanəndələrin ifasında maraqlı konsert proqramı ilə başa çatıb.

XQ

 

Mədəniyyət