İsmayıl Hacıyev – 75
Milli Kitabxanada AMEA-nın Naxçıvan bölməsinin sədri, Əməkdar elm xadimi, akademik İsmayıl Hacıyevin anadan olmasının 75 illiyi münasibətilə görkəmli tarixçi alimin kitablarından ibarət kolleksiyanın və “Akademik İsmayıl Hacıyev” adlı ənənəvi və elektron kitab sərgilərinin təqdimat mərasimi keçirilib.
Kitabxananın direktoru, professor Kərim Tahirov akademik İsmayıl Hacıyevin çoxşaxəli fəaliyyəti, zəngin kitab yaradıcılığı barədə məlumat verərək qeyd edib ki, saysız-hesabsız elmi əsərlər müəllifi olan, Naxçıvan Muxtar Respublikasının tarixinin salnaməsini yaradan tədqiqatçı-alim Milli Kitabxanaya 170-dən artıq kitab hədiyyə etməklə bu mənəvi saxlancın fondunu xeyli zənginləşdirib. Alim bununla həm də tarix elminə böyük hədiyyə olan kitablarının gələcək nəsillər üçün etibarlı mühafizə olunmasına və öyrənilməsinə şərait yaradıb.
Kərim Tahirov akademik İsmayıl Hacıyevin onlarla tarixçi alimlərin yetişməsində xidmətlərindən də danışaraq salonda əyləşənlərin əksəriyyətinin onun tələbələri və yetişdirmələri və fəal oxucuları olduqlarını diqqətə çatdırıb, təqdimatın yubilyarın anadan olmasının 75 illiyinə kollektivin töhfəsi olduğunu söyləyib.
AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli isə bildirib ki, Milli Kitabxanada təşkil olunan bu mərasim İsmayıl Hacıyevin ilk kitab təqdimatıdır. AMEA rəhbəri Azərbaycan milli dövlətçilik ideologiyasının alimin kitablarında və məqalələrində də əsas süjet xətti olduğunu qeyd edərək vurğulayıb ki, akademik İsmayıl Hacıyev tarixşünaslıq yanaşmasında tarixi faktların, real hadisələrin analitik əsaslarla təqdimatını xronoloji ardıcıllığı ilə qeydə alıb. Ulu öndər Heydər Əliyevin fəaliyyətinin Naxçıvan dövrü barədə İsmayıl Hacıyevin tədqiqatlarının önəmini vurğulayan AMEA prezidenti bu əsərlərin çox qiymətli tarixi-elmi mənbələr olduğunu söyləyib.
Akademik İsa Həbibbəyli daha sonra bildirlib ki, İsmayıl Hacıyev öz əsərləri ilə elmi dövriyyəyə çoxsaylı sənəd, arxiv materialı təqdim edib. Onun tədqiqatları dövlət siyasətimizə və elmi tələblərə yüksək səviyyədə cavab verir. Alimin tarixi şəxsiyyətlər barədə əsərlər seriyası ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyev haqqında yazdığı kitablarla ən yüksək zirvəyə çatıb. AMEA rəhbəri məhsuldar və obyektiv tarixçi alim İsmayıl Hacıyevi 75 illik yubileyi münasibətilə təbrik edib, ona yeni uğurlar arzulayıb.
Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı söyləyib ki, tarixin ən qədim dövrlərindən bu günə qədər olan elə bir səhifəsi yoxdur ki, İsmayıl Hacıyev onun haqqında analitik, dürüst, dolğun və müqayisəli zəngin mənbələrlə yazmasın, həmin mənbələri zərgər dəqiqliyi ilə araşdırmasın. Bu baxımdan İsmayıl müəllimin bütün tədqiqatları tarix elmimizə böyük töhfədir.
Mərasimin davamında “Akademik İsmayıl Hacıyev” adlı elektron sərgi təqdim edilib.
Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov, AMEA Tarix və Etnoqrafiya İnstitutunun direktoru, professor Kərim Şükürov, Milli Məclisin komitə sədri Fazil Mustafa, BDU-nun tarix fakültəsinin dekanı, professor İbrahim Zeynalov, AMEA Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli, tarixçi professor Abbas Seyidov, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun direktor müavini, professor Eynulla Mədətli, “Xalq qəzeti”nin baş redaktor müavini, Əməkdar jurnalist Tahir Aydınoğlu akademikin elmi yaradıcılığından və ictimai-siyasi fəaliyyətindən danışıblar. Onlar İsmayıl Hacıyevə möhkəm cansağlığı, elmi fəaliyyətində yeni uğurlar arzu ediblər.
Sonda akademik İsmayıl Hacıyev təqdimat mərasiminin yüksək səviyyədə təşkilinə görə Milli Kitabxananın rəhbərliyinə, səmimi təbrik və xoş sözlərə görə iştirakçılara təşəkkürünü bildirib.
T.RÜSTƏMLİ
XQ

