Son illərdə Azərbaycan ilə Çin arasında müxtəlif sahələrdə əməkdaşlıq dərinləşməkdədir. Bu əməkdaşlıq yalnız iqtisadi və nəqliyyat sahələri ilə məhdudlaşmır, həm də yüksək texnologiyaları, o cümlədən kosmos sənayesini də əhatə edir. Çinin “Kəmər və yol” təşəbbüsü çərçivəsində Azərbaycana verdiyi strateji əhəmiyyət, Azərbaycanın isə kosmik infrastruktura və rəqəmsal transformasiyaya yönələn siyasəti bu sahədə qarşılıqlı maraqları bir araya gətirir.
Bu mənada Prezident İlham Əliyevin Pekinə səfəri zamanı imzalanan “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Çin Milli Kosmik İdarəsi (CNSA) arasında kosmosda əməkdaşlıq və kosmik fəzadan dinc məqsədlər üçün istifadə haqqında Anlaşma Memorandumu” iki ölkənin kosmos sahəsində əməkdaşlığını yeni mərhələyə daşıyır və Bakının kosmos ölkəsi kimi nüfuzunu daha da artırır.
Azərbaycan ilə Çin arasında kosmik sektorda əməkdaşlıq əhəmiyyətli potensiala malik sahədir. Doğrudur, indiyədək konkret irimiqyaslı birgə layihələr həyata keçirilməmişdir. Bununla belə, mümkün perspektivlərə işarə edən bir neçə amil və istiqamət var. Belə ki, münasibətlərin ümumi kontekstində Azərbaycan və Çin əla diplomatik və iqtisadi əlaqələrə malikdir, o cümlədən Çinin “Kəmər və yol” təşəbbüsü çərçivəsində münasibətlər uğurla inkişaf edir. Buna görə də, kosmos da daxil olmaqla yüksək texnologiyalı sənayelər çox vaxt bu cür tərəfdaşlıqların dərinləşdirilməsi üçün perspektivli sahələr kimi qiymətləndirilir.
Çinin texnoloji imkanları da kosmosda uğurlu əməkdaşlığa zəmanət verir. Pekin dünyanın ən qabaqcıl və sürətlə inkişaf edən kosmik proqramlarından birinə malikdir. Belə ki, ölkənin uçuş vasitələri Qərb analolarından geri qalmır, Pekin “Long March” raket ailəsi ilə rəqabətədavamlı peyk buraxılış xidmətləri təklif edir. Eyni zamanda, Çin peyk istehsalında da qabaqçıl texnologiyalara malikdir. Ölkənin müxtəlif növ peyklərin (rabitə, Yerin məsafədən zondlanması (ERS), naviqasiya) dizaynı və tikintisi üçün böyük potensialı var.
Naviqasiya sistemləri barədə də eyni sözləri demək olar. Çin özünün qlobal naviqasiya sistemi “BeiDou”nu inkişaf etdirir. “BeiDou” regional peyk sistemi 2012-ci ilin dekabrından Asiya-Sakit okean regionu ölkələrində mülki xidmətlər göstərir. Sistem Çin, qonşu ölkələr və Asiya-Sakit okean regionu ərazisində coğrafi koordinatların müəyyənləşdirilməsini təmin edir. GPS-dən müstəqil yerli xidmətin təşkili, əkin sahələrinin koordinatlaşdırılmış idarə olunması və nəqliyyat və yük daşımalarında daha dəqiq marşrutların planlaşdırılması bu sistemin üstünlükləridir.
Azərbaycanın da rabitə peyklərinin (Azerspace) və məsafədən zondlama peyklərinin (Azersky) istismarı təcrübəsi var. Çinlə əməkdaşlıq Qərb şirkətləri ilə (Azərbaycan peyklərinin yaradılması və buraxılışında iştirak etmiş şirkətlər-red.) mövcud tərəfdaşlıqlara alternativ və ya tamamlayıcı ola bilər. Eyni zamanda, Çin bəzi ənənəvi təchizatçılardan daha sərfəli kosmik texnologiya və xidmətlər təklif edə bilər. Tərəflər peyk komponentlərinin birgə istehsalı, yerli montaj və sınaq laboratoriyalarının qurulması, habelə süni intellekt texnologiyalarının peyk məlumatlarına tətbiqi kimi sahələrdə uğurlu əməkdaşlıq əlaqələri qurmaq potensialına malikdirlər.
Bundan başqa, Azərbaycan Çin ilə birgə kosmos layihələri həyata keçirərək, Cənubi Qafqaz və Mərkəzi Asiya arasında informasiya körpüsü rolu oynaya bilər. Belə ki, Transxəzər məlumat şəbəkələrinin qurulması, kosmos forumlarının keçirilməsi kimi təşəbbüslərin Bakının regional liderlik mövqelərinin güclənməsinə müsbət təsir göstərmək şansı böyükdür. Bu mənada Avropa və Asiyanın kəsişməsində yerləşən Azərbaycan təkcə tranzit deyil, həm də informasiya və kosmik qovşaq rolunu da oynaya bilər. Eyni zamanda, Azərbaycan və Çin Asiya–Sakit Okean Kosmik Əməkdaşlıq Təşkilatının (APSCO) üzvləridir və bu təşkilat həm də dialoq və potensial birgə təşəbbüslər üçün platforma yaradır.
Beləliklə, Azərbaycan və Çin arasında kosmos sahəsində əməkdaşlığın ümidverici perspektivləri var. Bunlar Çinin imkanlarına, Azərbaycanın kosmik proqramını inkişaf etdirmək ehtiyaclarına və ikitərəfli münasibətlərin ümumi müsbət fonuna əsaslanır. Əlbəttə, konkret addımlar siyasi qərarlardan, hər iki ölkənin strateji prioritetlərindən və imzalanan müvafiq sazişlərin yerinə yetirilməsi səviyyəsindən asılı olacaq. Bu baxımdan kosmos sahəsində əməkdaşlığı nəzərdə tutan Anlaşma Memorandumunun imzalanması təsdiqləyir ki, yaxın illərdə biz iki ölkə arasında dialoqun artacağını və bu sahədə konkret birgə layihələrin ortaya çıxacağını müşahidə edəcəyik.
Səbuhi MƏMMƏDOV
XQ