Aqrar elmləri üzrə fəlsəfə doktoru, Beynəlxalq Ekoenergetika Akademiyasının Ekologiya üzrə professoru, Azərbaycan Kooperasiya Universitetinin dosenti Eldəniz Həsənov “Azərbaycan Milli Mətbuatının 150 illiyi” yubiley medalı ilə təltif olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq fərmanı ilə təsis edilmiş “Azərbaycan Milli Mətbuatının 150 illiyi (1875–2025)” yubiley medalı uzunmüddətli və səmərəli fəaliyyəti, peşəkarlığı, operativ və obyektiv informasiya təminatında xidmətləri olan, habelə Azərbaycan milli mətbuatının inkişafına mühüm töhfələr vermiş şəxslərə təqdim olunur.
Medalla təltif olunanlar sırasında Azərbaycan Jurnalistlər və Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” və “Ali Media” mükafatı laureatı, Həsən bəy Zərdabi irsinin tədqiqi və təbliği sahəsində göstərdiyi xidmətlərə görə ayrı-ayrı illərdə Azərbaycan Mətbuat Şurası tərəfindən, habelə Mətbuat Şurasının “Kaspi” qəzeti ilə birgə təsis etdiyi “Həsən bəy Zərdabi diplomu” ilə təltif olunmuş tədqiqatçı alim, Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilmiş, Zərdabi yurdunun dəyərli ziyalısı Eldəniz Əli oğlu Həsənov da var.
Yubiley medalı Eldəniz müəllimə 24 dekabr 2025 ci ildə qeyd etdiyimiz sevincli bir gündə, arzuları gerçəkləşdirən qalib sərkərdə, Müzəffər Ali Baş Komandan, ölkə Prezidenti cənab İlham Əliyevin doğum günündə, Mətbuat Şurasında keçirilən tədbirdə şuranın sədri Rəşad Məcid tərəfindən təqdim edilmişdir.
Eldəniz Həsənov millli mətbuatın inkişafına mühim töhfələr verən, Zərdabi irsinin tədqiqi və təbliği sahəsində müstəsna xidmətləri olan Zərdabisevərlərə, Zərdabişünaslara verdiyi qiymətə görə Prezident İlham Əliyevə özü və həmkarları adından dərin minnətdarlığını bildirmişdir.
P.ƏMİRCANOV
XQ



