I MƏQALƏ
Ziyalı və ziyalılıq ənənəsi
Elə ölkələr vardır ki, ziyalılığın ənənəsi mövcuddur. Bu, yalnız ölkədə ziyalıların varlığı ilə izah olunmur. Tarix boyu çox qövmlərdə ziyalılar olmuşlar. Lakin elə toplumlar vardır ki, onlar daxili intellektual potensialla yanaşı, özünün mənəvi, mədəni, əxlaqi, həyat tərzi və sosial kollektiv fəaliyyət xüsusiyyətləri ilə ziyalılığı kəsintisiz təcrübə prosesinə çevirə bilirlər. Bu toplumlarda intellektual fəaliyyət qövmün praktiki həyat tərzi və sosial davranış modelləri ilə tarixi zaman-məkan birliyində vəhdət təşkil edir.
Burada artıq cəmiyyətin özünü təşkil etməsi ilə özünü yaratması fəlsəfələrinin tənqidi (və ya kritik) münasibətlərinin “metafəlsəfəsi” aktuallaşır. Yəni toplum (kollektiv mövcudat kimi) o zaman ziyalılıq ənənəsinə malik olur ki, intellektual fəaliyyətlə sosial həyat arasında vəhdəti praktikada hər zaman təcrübədən keçirə bilir. Bu anlamda ziyalılıq ənənəsi özünəməxsus keyfiyyətləri və funksional özəllikləri olan kollektiv şüuri təcrübə prosesidir.
Məhz bu anlamda “intellektual fəaliyyət fəlsəfəsi” ilə “sosial davranış modelləri fəlsəfəsi”nin qarşılıqlı tənqidi münasibətlər müstəvisində “metafəlsəfə” yarada bilən qövmün ziyalılıq ənənəsi formalaşır. Sırf konseptual idraki prizmada bu, obrazlı desək, “dərketmənin dərkedilməsi”, “fəlsəfənin fəlsəfəsi” və ya cəmiyyətin bəşəri intellekt potensialı ilə milli intellekt potensialının məntiqi-rasional və “emosional-duyğusal” (hər bir situasiyanı kollektiv olaraq daxili yaşantı kimi anlamaq) sintezinə nail olmaq deməkdir.
Ziyalılıq nümunəsi
Ziyalılıq ənənəsi bütövlükdə qövmün mövcudluğunun bütün sferalarına fundamental təsir edir. Onu faktiki olaraq yaradır və bu prosesin kəsintisiz olmasını təmin edir. Əgər ziyalılıq ənənəsi yoxdursa, bu funksiyanı başqa faktorlar yerinə yetirir ki, ayrı-ayrı qövmlər də bir-birindən bu meyar üzrə fərqlənə bilirlər. O baxımdan mühüm tezislərdən biri belədir: ziyalılıq ənənəsi tarixi zaman kontekstində konkret ziyalı nümunəsi formalaşdırır. Bu mənada “universal ziyalılıq” bəşəri miqyasda abstrakt var ola bilən fenomendir. Onun konkret və praktiki təzahür üsulu hər bir xalqın özünəməxsus ziyalı nümunəsi yetişdirməsi ilə bağlıdır. Yəni bir qədər də ümumiləşdirsək, hər bir cəmiyyətdə tarixi dövrün zaman-məkan kontinuumunda mövcudolma özəllikləri ziyalılıq nümunələrini aktuallaşdırır və reaktuallaşdırır (təkrar-təkrar aktual edir).
Əgər bu konseptual yanaşmanı qəbul etsək, özlüyündə bir tezis meydana gəlir: hər bir cəmiyyət ziyalılıq ənənəsi çərçivəsində ziyalıya hörmət (və ya sayğı) örnəyi yaratmalıdır. Başqa halda ziyalılıq ənənə olmur və ziyalı kollektiv birgəyaşam mühitində üzərinə düşən vəzifələri (ictimai, tarixi, mədəni, mənəvi, əxlaqi funksiyaları) yerinə yetirə bilmir. Bu halda ziyalının intellekti və mənəvi dünyası “inciyir”. Özünü ziyalı kimi tam qiymətləndirə bilmir və deməli, yaratma passionarlığı minimuma enir. Onun bütövlükdə ictimai mühitə təsiri dağınıq, yayğın və səmərəsiz xarakter alır. Bu zaman cəmiyyət səviyyəsində iki arzuolunmaz hal meydana gəlir.
Birincisi, ziyalı ilə sosiumun aktual gündəmi arasında uçurum yaranır – ziyalı üçün “zahidlik donu biçilir”. Bu mövqeyə sıxışdırılmış ziyalı intellektual və mənəvi “dəyanti”ni, azad düşüncə qüdrətini itirir. Nəticədə şairin dediyi olur: “zahidin bir barmağın kəssən dönüb haqdan qaçar”, amma “gerçək aşiqi sərpa soyarlar, ağrımaz”! Yəni toplum kollektiv mövcudat kimi böyük dərəcədə “gerçək aşiqlik” meyarlarını itirə bilir.
İkincisi, bütövlükdə qövmün ziyalılıq ənənəsi (əsl ziyalı yetişdirmək funksiyası da bura daxildir) ciddi zərər görür. Onun ən fəlakətli mərhələsi ziyalının özünü ictimai faydasız hesab etməsi anından başlayır.
Tarix hər bir xalqı ziyalılıq ənənəsini saxlamaqda sınağa çəkir. Cəmiyyət yuxarıda vurğuladığımız iki xüsusiyyət arasında “var-gəl” edir. Ziyalı ənənəsi güclü olan toplum həmişə məsələni ziyalılıq ənənəsinin inkişafı xeyrinə seçir. Deməli, ziyalılıq üçün də seçim anı elə həqiqət anıdır!
İndi Azərbaycan cəmiyyəti üçün də bu seçim anı (həqiqət anı) gəlmişdir. İki yol vadır: birincisi, azərbaycanlılar kollektiv mövcudat kimi ya öz ziyalılıq ənənələrinə sahib çıxmalı, ikincisi, ya da sahib çıxmalıdırlar! Bu, tərəfkeşlik və pafos deyildir – Azərbaycanda mövcud olan ziyalılıq ənənəsinin tarixindən, mahiyyətindən, özəlliklərindən və onun cəmiyyətdə yerinə yetirdiyi funksiyaların ümumi məntiqindən qaynaqlanan praqmatik seçimdir. Obrazlı desək, “iki seçimin bir seçimdə vəhdəti” – biz bəşəri təsiri olan inkişaf nümunəsini seçməyə Tanrıdan məhkumuq! Türklər ilahi ədaləti, nizamı və aydınlığı Yer üzündə yaymağa müvəkkildirlər! Sadəcə, Oğuznamələrə baxın!
Ziyalılıq ənənəsi
Hər bir ölkənin özünəməxsus elmi tədqiqat ənənəsi, təcrübəsi və alimin araşdırma “mədəniyyəti” ilə yanaşı, ziyalının sosial davranış standartları və onların cəmiyyət tərəfindən qəbul edilməsi özəlliyi də vardır. Bundan başqa, elmi tədqiqatla təhsil arasında hər bir ölkə üçün xüsusi təcrübə yaranır. Azərbaycanda elmi tədqiqatlar modeli yunan elmi-məntiqi xüsusiyyətlərlə yerli elmi, fəlsəfi və mədəni araşdırma ənənəsinin sintezində formalaşmışdır.
Bu zaman, ümumiyyətlə, şərq fəlsəfi-elmi düşüncə mədəniyyəti ilə yunan elmi təfəkkür nümunəsinin fərqli tarixi dönəmlərdə müxtəlif münasibətləri özünü göstərmişdir. İslamın Azərbaycanda qəbulundan sonra bu münasibətlər yeni çalarlar almışdır.
Bu, daha çox təhsil almaq xüsusiyyətlərində özünü göstərmişdir. Təhsil həm institutlaşma (yəni təhsil almaq strukturunun yaradılması), həm də praktiki istifadə üsullarında ifadə olunmuşdur. Nəticədə Azərbaycanda özünəməxsus ziyalılıq ənənəsinin idraki, elmi, alınan biliklərin tətbiqi praktikası formalaşmışdır. Bunların fonunda elm-təhsil münasibətləri ziyalılığın ənənəvi hal almasında prinsipial rol oynamışdır.
Azərbaycan ziyalılığında məsələnin başqa mühüm tərəfini ziyalının sosial-mədəni və mənəvi-əxlaqi davranış nümunələrinin olduqca əhəmiyyətli faktor sayılması ilə bağlıdır. Əlbəttə, bütün cəmiyyətlərdə alimlik və müəllimliklə sosial-psixoloji davranış nümunəsi arasında sıx bağlılıq mövcud olmuşdur.
Lakin Azərbaycanda türk və müsəlman mədəniyyətinin təmsilçisi kimi mənəviyyata və əxlaqa ayrıca qiymət verilmişdir. Azərbaycan ziyalısı mütləq mənəviyyat, əxlaq və müdriklik nümunəsi olmalıdır. Bu fəzilətlilik şərti əsrlərdir ki, Azərbaycan ziyalılığının əsas faktorlarından biri kimi qəbul edilir.
Beləliklə, Azərbaycan ziyalılıq ənənəsində elmi yaradıcılıq passionarlığı ilə mənəvi-əxlaqi və sosial-psixoloji davranış normalarının özünəməxsus münasibətlər sistemi mövcud olmuşdur. Bu məqamı Azərbaycanda akademik tədqiqatlar ənənəsini formalaşdıran və uyğun tədqiqat institutlaşmasının ana xəttini təşkil edən akademiyaların yaradılması prosesi fonunda izah edək. Çünki bu zaman təhsildə uğur əldə edən insanların akademik tədqiqata baş vurması xüsusi ziyalılıq nümunəsi yaratmışdır.
İndi Azərbaycan ziyalılığını, obrazlı desək, “akademik ziyalılıq” nümunəsindən kənar təsəvvür etmək mümkün deyildir. Bir daha vurğulamaq istərdik ki, bu, şərti fərqləndirmədir və əsas məqsəd təhsillə elmin ölkəmizdə özəl sıx qarşılıqlı əlaqəsindən formalaşan ziyalılıq ənənəsində müəllim-akademik tandemi vahid obrazın ayrılmaz atributlarıdırlar.
Eyni zamanda, “akademik ziyalılığın” bir inkaredilməz əlaməti vardır – akademikliyi müəllimlik yetişdirir. Elmi dərəcəsindən asılı olmayaraq, hər bir alimi yetişdirən təhsildir, onun şərəfli, qayğıkeş və həmişə önlərində baş əyəcəyimiz müəllimlərdir! Bizlər orta məktəbdəki müəllimlərimizi (mənim üçün müqəddəs olan: Səməd Qurbanovu, Mahmud Məmmədovu, İmamhüseyn Ömərovu, Təhminə Ömərovanı və başqalarını), “Arif babayevləri, Maarif əkbərovları, Qəmbər namazovları, camal mustafayevləri” və elm, davranış, əxlaq, mənəviyyat, düzlük, doğruluq öyrəndiyimiz minlərlə ziyalılarımızı əsla unutmadıq və unutmayacağıq!
Lakin “akademik ziyalılığı”n da özünəməxsus anlamı, duyğusu və zövqü vardır. Bunu Azərbaycanda tarixən akademik institutlaşmanın, onun cəmiyyətə və hətta tarixin müəyyən dönəmlərində geniş mədəniyyət və geosiyasət məkanına təsirlərinin özəlliklərindən görə bilərik. Bu tezisin işığında indi Azərbaycanda akademik institutlaşmanın yaranması və təkamülü xüsusiyyətlərinə nəzər salaq.
Milli akademiya ənənəsi
Çoxlu sayda mənbələrdə yazılır ki, Bizansda akademiyalar ləğv ediləndən sonra (V əsrdə Edessa, VI əsrdə Afina akademiyaları ləğv edilmişdir) Azərbaycanın indiki coğrafi-mədəni məkanında çoxlu sayda akademiyalar meydana gəlmişdir. Qədimdən Azərbaycanın coğrafi-mədəni məkanında folklor, ədəbiyyat, fəlsəfə, riyaziyyat, etika, coğrafiya, fizika, kimya, tibb və s. elm sahələri mövcud olmuşdur. Onlar institusional səviyyədə bir-biri ilə qarşılıqlı əlaqədə inkişaf etmişlər.
IX əsrdə Bağdad Akademiyasının meydana gəlməsi Azərbaycanda da elmin inkişafına təkan vermişdir. Həmin Akademiyada müxtəlif elm sahələri öyrənilirdi. Orta əsrlərdə Ərdəbil, Təbriz, Xoy, Naxçıvan, Şamaxı, Marağa, Urmiyədə və digər şəhərlərdə elmi mərkəzlər yaradılmışdır. Nəsirəddin Tusinin Marağa rəsədxanası dünyada məşhur idi. Orada müxtəlif ölkələrdən gəlmiş insanlar elm öyrənir və vətənlərində T.Tusi rəsədxanasının elmi tədqiqat ənənəsini davam etdirirdilər.
N.Tusinin elmi mərkəzi akademik tədqiqatın şərtləri daxilində fəaliyyət göstərirdi. Orada indi akademik fəaliyyət üçün lazım olan elmi-metodoloji və maddi-texniki struktur mövcud idi. Nəsirəddin Tusinin təşkil etdiyi alimlər yığıncağı, müasir dildə desək, akademiyanın rəyasət heyəti Təbriz şəhərində yerləşirdi. Ayrıca şəhərcikdə tələbələr və tədqiqatçılar üçün şərait yaradılmışdı.
Xaqani Şirvani, Nizami Gəncəvi, Fələki Şirvani, Fazil Şirvani, Əminəddin Müzəffər Təbrizi, Müxdəsəddin Səlmasi və başqalarının çox dəyərli əsərlərinin meydana gəlməsində akademik ənənənin ciddi rolu olmuşdur.
Şamaxı akademiyası müasir Azərbaycan Respublikasının coğrafi-mədəni məkanında ilk akademiya kimi göstərilir. Onu Ömər Osman oğlu yaratmışdı. O, Azərbaycan alimi və həkimi kimi tanınmışdı. Şamaxı akademiyasının tərkibində ciddi araşdırmalar aparılan tibbi məktəb mövcud idi. Orada xarici tədqiqatçıların da çalışdığı haqqında informasiyalar vardır.
Şamaxı akademiyasında Ömər Osman oğlu xarici mühitin faktorlarının insan fiziologiya və patologiyasında təsirinin öyrənilməsinə çox geniş yer verirdi. Mənbələrdə yazırlar ki, bunların içərisində Günəşin təsirindən o qədər danışmışdır ki, onun doğulduğu yer indi də “Dədə Günəş” adı ilə məşhurdur.
XIII əsrdə Təbrizdə elmlər akademiyası yaradılır. Onu Azərbaycan tarixçisi və məşhur həkimi Rəşidəddin yaratmışdı. Təbriz akademiyasında müxtəlif ölkələrdən - Çin, Misir, Hindistan və bir sıra Avropa ölkələrindən olan tədqiqatçılar çalışırdı.
Tədqiqatçılar vurğulayırlar ki, “bu akademiyanın idarələrinin hamısı Təbrizin yaxınlığındakı “Rübe-Rəşidi” (“Rəşidi kvadratı”) adlanan ərazidə yerləşirdi. Bu akademiyanın xarabalıqları indi də həmin yerdə durur. Burada o zaman alimlər küçəsi, alimlər evi, alimlərin işləməsi üçün geniş laboratoriyalar və s. mövcud idi. Bu akademiyada əsas yeri tibb, əczaçılıq, botanika tutmuşdur... Rəşidəddin Azərbaycan alimlərinə böyük qiymət verirdi. O, yazırdı ki, Aristotel və Platonun öz dövrləri var idi. İndi isə başqa dövrdür” (mənbə: Orta Əsrlər şərqində elm akademiyaları).
XV-XVIII əsrlərdə də Azərbaycandakı akademiyalar fəaliyyətlərini davam etdirmişdir. Həmin dövrdə Əbdürrəşid Bakuvinin elmi fəaliyyəti çox səmərəli olmuşdur; ölkənin coğrafiyası və təbiəti ilə bağlı qiymətli məlumatlar vermişdir.
(ardı var)
Füzuli QURBANOV,
XQ-nin analitiki,
fəlsəfə elmləri doktoru

