Amerikalı konqresmen: Suriya İsrail və ABŞ-la dialoqa açıqdır

post-img

Suriyanın yeni rəhbəri Əhməd əş-Şəraa İsrail və ABŞ-la münasibətlərin normallaşdırılmasına açıqdır.

AZƏRTAC xəbər verir ki, amerikalı konqresmen Marlin Stutsman bu barədə “Jerusalem Post” qəzetinə müsahibəsində deyib.

“Əhməd əş-Şəraa İsraillə, Yaxın Şərqin digər ölkələri və əlbəttə ki, ABŞ-la münasibətlərdə yaxşı reputasiyaya malik olmaq üçün “İbrahim sazişləri”ni (İsrail ilə ərəb ölkələri arasında münasibətlərin normallaşdırılmasını nəzərdə tutur) imzalamağa açıqdır”, – deyə bu yaxınlarda Suriyaya səfər edən respublikaçı konqresmen bildirib.

Onun sözlərinə görə, Suriyanın dövlət başçısı ölkənin bütövlüyünün qorunub saxlanmasını İsraillə münasibətlərin normallaşması üçün əsas şərtlərdən biri kimi görür.

“Ölkəsinin bölünəcəyindən narahat olan Əhməd əş-Şəraa İsrailin Colan təpələrinə müdaxiləsinin və Suriyaya aviasiya zərbələrinin dayandırılmalı olduğunu vurğulayıb”, - deyə Marlin Stutsman əlavə edib.

ABŞ-la münasibətlərə gəlincə, Suriya Prezidentinin Vaşinqtondan pul deyil, sanksiyaların ləğvini istədiyini deyən siyasətçi bunun nəzərə alınmalı olduğunu düşünür.

Xatırladaq ki, 2024-cü il noyabrın sonunda Suriya ordusunun mövqelərinə qarşı genişmiqyaslı hücuma keçən silahlı müxalifət qrupları dekabrın 8-də Dəməşqə daxil olublar. Nəticədə Suriya Prezidenti vəzifəsindən istefa verən Bəşər Əsəd ölkədən qaçaraq Rusiyaya sığınıb.

Dünya