Telegraph: Britaniya və Aİ ölkələri Qrenlandiyada NATO qoşunlarının yerləşdirilməsini müzakirə edirlər

post-img

Böyük Britaniya hakimiyyəti Fransa və Almaniya da daxil olmaqla Avropadakı müttəfiqləri ilə Qrenlandiya ərazisində qoşunların yerləşdirilməsi məsələsini müzakirə edir. Bu barədə The Telegraph nəşri mənbələrə istinadən yazır. Daha əvvəl ABŞ hakimiyyəti adaya nəzarəti ələ keçirmək istədiyini bəyan etmişdi.

Nəşrin məlumatına görə, Avropa ölkələrinin hərbi rəhbərləri Qrenlandiyada mümkün NATO missiyasının planını hazırlayırlar. Plan adada hərbi qulluqçuların, döyüş gəmilərinin və hərbi təyyarələrin yerləşdirilməsini nəzərdə tutur. Hazırda bu planlar ilkin mərhələdədir.

Mümkün hərbi mövcudluğun gücləndirilməsinin məqsədi Qrenlandiyanı Rusiya və Çindən qorumaqdır. Mənbələrin sözlərinə görə, Böyük Britaniyanın baş naziri Kir Starmer bu təhlükəni “son dərəcə ciddi” qəbul edib və tədbirlərin görülməsinin vacibliyi ilə razılaşıb. Avropa ölkələri ümid edirlər ki, NATO qoşunlarının yerləşdirilməsi ABŞ prezidenti Donald Trampı adanın anneksiyası ilə bağlı ambisiyalarından imtina etməyə sövq edəcək.

Eyni zamanda, Avropa İttifaqı Google, X, Microsoft və Meta kimi ABŞ texnoloji nəhənglərinə, həmçinin bəzi bank və maliyyə şirkətlərinə qarşı sanksiyaların tətbiqi planını hazırlayır. Donald Tramp Qrenlandiyada NATO qoşunlarının yerləşdirilməsi ilə bağlı təklifi rədd edərsə, bu məhdudiyyətlər qüvvəyə minəcək.

Donald Tramp bəyan edib ki, ABŞ-a Qrenlandiya Qərb yarımkürəsinə nəzarət etmək üçün lazımdır. O iddia edib ki, hazırda ada “Rusiya və Çin gəmiləri” ilə əhatə olunub. The Telegraph qeyd edir ki, Qrenlandiyada dünyanın ən iri nadir torpaq metalları yataqlarından biri yerləşir.

S.ELAY

XQ

Dünya