13 may 1983-cü il. Növbəti, 46-cı SSRİ çempionatının güclülər dəstəsində “Neftçi” Moskvanın “Spartak” komandasını qəbul edir. Rəqiblər, eləcə də, oyunun hakimləri artıq meydanın mərkəzindədirlər. İndicə görüşə start veriləcək və azarkeşlər bu dünyada hər şeyi unudub, sevimli komandalarının sovet klub futbolunun əbədi liderlərindən biri ilə mübarizəsini nəfəslərini dərmədən izləməyə başlayacaqlar.
Saat yarımdan sonra isə hamımızın üzü güləcək. Kapitanımız İsgəndər Cavadov komanda yoldaşları ilə birlikdə ağır sınaqda onları dəstəkləməyə gəlmiş pərəstişkarlarını məzmunlu oyun, layiqli qələbə ilə sevindirərək meydanı alqış sədaları altında tərk edəcəklər. Görüşün başa çatmasına 10 dəqiqə qalanadək hesab bərabər idi. Birinci hissənin ortalarında Səmədağa Şıxlarovun vurduğu qola tezliklə moskvalı Yuri Qavrilov qolla cavab vermişdi.
Hər şey 80-ci dəqiqədə həll olundu. Bakılıların növbəti kəskin hücumu futbolçularımıza penalti qazandırdı və bu işin mahir ustası İqor Ponomaryov “Spartak”ın və SSRİ yığma komandasının əfsanəvi qapıçısı Rinat Dasayevlə dueldən qalib ayrıldı. Qalan vaxt ərzində “Neftçi” müdafiədə səhvsiz oynayıb, qələbə hesabını sonadək qorumağı bacardı – 2:1.
Bu uğur təkcə qolların müəlliflərinin deyil, həmin mülayim may axşamında böyük əzmkarlıq, möhkəm iradə nümayiş etdirib, “vəzifə borcunu” dəqiq yerinə yetirən komandanın qələbəsi idi.
“Spartak”la görüşdə Aleksandr Tişin, Şakir Qəribov, Gennadi Drozdov (Yaşar Vahabzadə, 46), Rəşid Özbəyov, Asim Xudiyev, Əsgər Abdullayev, Səmədağa Şıxlarov (Allahverdi Səfərov, 82), Maşallah Əhmədov, İqor Ponomaryov, Səməd Qurbanov və İsgəndər Cavadovdan ibarət heyət məhz inamlı, fədakar mübarizə dəst-xətti ilə diqqət mərkəzində oldu.
Bu da xatırlanmağa layiq məqamdır ki, 46-cı SSRİ çempionatında finişə 30 xalla 18 komanda arasında 13-cü çatan “Neftçi” yekun turnir cədvəlində qonşu respublikaların hər üç təmsilçisindən üstün mövqedə oldu. Həmin komandalardan “Ararat” (29 xal) 14-cü, Tbilisi “Dinamo”su (27) 16-cı, Kutaisinin “Torpedo” kollektivi (18) 17-ci nəticə göstərdilər.
Çempionatın bir dəst medalına isə Dnepropetrovskın “Dnepr” (49 xal), Moskvanın “Spartak” (45) və Minskin “Dinamo” (43) komandaları sevindilər.
Oqtay BAYRAMOV,
Əməkdar jurnalist