“Şahdəniz” qaz yatağına yeni qapı açılır

post-img

Bakı Enerji Forumu çərçivəsində konsorsium iştirakçıları Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən nəhəng “Şahdəniz” qaz yatağının işlənməsinin növbəti mərhələsi olan yeni kompressiya (ŞDK) layihəsi üçün yekun investisiya qərarını elan ediblər. 2,9 milyard ABŞ dolları dəyərində olan ŞDK layihəsi yatağın işlənməsinin əvvəlki iki mərhələsinin davamıdır.

Bu layihədə məqsəd yataqdakı aşağı təzyiqli qaz ehtiyatlarını əlçatan etməklə onların hasilatını təmin etmək və beləliklə, yataqdan maksimum qazvermə əmsalına nail olmaqdır. Layihənin yataqdan, təxminən, 50 milyard kubmetr əlavə qaz və 25 milyon barelə yaxın əlavə kondensat hasilatına və ixracına imkan yaradacağı gözlənilir.

Xatırladaq ki, layihə çərçivəsində yeni kompressiya obyektinin – elektriklə işləyən, heyətsiz kompressiya platformasının (və ya Əsasən Heyətsiz Qurğu (eNUI)) inşası nəzərdə tutulur. Platforma suyun 85 metr dərinliyində, mövcud “Şahdəniz Bravo” platformasından, təxminən, 3 kilometr məsafədə quraşdırılacaq. Üzərində dörd ədəd 11 meqavatlıq kompressor quraşdırılacaq platforma mövcud “Şahdəniz” platformalarından hasil edilən qazın kompressiyası üçün ana qurğu kimi xidmət göstərəcək. Bu o deməkdir ki, hər iki platformadan hasil edilən ixrac qazı qurudakı Səngəçal terminalına göndərilməzdən əvvəl yeni platformada kompressiya olunacaq.

Layihə çərçivəsində, həmçinin “Şahdəniz” müqavilə sahəsində bir sıra əlavə obyektlər quraşdırılacaq. Bunlara mövcud platformaların qaz ixrac xətlərinə birləşən yataqdaxili sualtı qaz boru kəmərləri, ŞDK platformasını enerji ilə təchiz etmək üçün Səngəçal terminalından çəkilən birləşdirilmiş elektrik və fiber-optik kabel xətti, “Şahdəniz-Bravo”dan yeni kompressiya platformasına birləşdirici ehtiyat elektrik və fiber-optik kabel xətti, eləcə də hasilat platformaları və Səngəçal terminalında mövcud infrastruktur üzərində aparılacaq bir sıra işlər daxildir.

Bu ilin sonlarında başlanacaq tikinti işlərinin 2029-cu ildə tamamlancaq. Yeni platformanın həmin ildə “Şahdəniz-Alfa”dan, 2030-cu ildə isə “Şahdəniz-Bravo”dan hasil edilən qaz həcmlərini kompressiya etmək üçün qəbul etməyə hazır olacağı planlaşdırılır. Tikinti işləri ölkə daxilində yerli resurslardan istifadə etməklə həyata keçiriləcək.

 

İqtisadiyyat