“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti (ADY) Münxendə keçirilən “Nəqliyyat və Logistika – 2025’’ beynəlxalq sərgisində iştirak edib. Qurum nüfuzlu mobillik sərgisində xüsusi stendlə təmsil olunub. Burada ADY-nin beynəlxalq dəhlizlər üzrə yükdaşıma əməliyyatları, Qarabağ və Şərqi Zəngəzurda icra edilən dəmiryol layihələri və infrastruktur quruculuğu, şirkətin dayanıqlılıq üzrə fəaliyyəti, xidmətləri, tətbiq etdiyi rəqəmsal həllər və Bakı Dəniz Limanı haqqında ətraflı məlumatlar təqdim olunub.
ADY-nin sədri Rövşən Rüstəmov sərgi çərçivəsində bir sıra aparıcı nəqliyyat və logistika şirkətlərinin rəhbərləri ilə görüşüb. Çinin Dəmiryol Konteyner Daşımaları Korporasiyasının prezidenti Yanq Binlə keçirilən görüşdə iki ölkə arasında inkişaf edən nəqliyyat əlaqələri müzakirə olunub, bu xüsusda aprel ayında Azərbaycan Prezidenti İlham Əliyevin Çinə səfəri zamanı iki ölkə arasında imzalanmış “Kəmər və yol” təşəbbüsünün birgə təşviqi və beynəlxalq multimodal daşımalar haqqında sənədlərin xüsusi əhəmiyyəti qeyd olunub. Eyni zamanda, Orta Dəhliz üzrə konteyner blok-qatarlarının artırılması ilə bağlı atılacaq addımlar, Çindən Qara dənizə kimi yüklərin izlənməsinə imkan verəcək rəqəmsal platforma ilə bağlı fikir mübadiləsi aparılıb.
R.Rüstəmovun bu ölkənin digər aparıcı logistika şirkəti olan “Beijing Trans Eurasia International Logistics”in icraçı direktoru Uansu Donqla görüşü zamanı isə sözügedən qurumun Çindən Avropaya və əks istiqamətdə blok-qatarların göndərilməsi üzrə ADY ilə əməkdaşlığı genişləndirmək barədə təklifləri müzakirə edilib, həmçinin Orta Dəhlizlə yükdaşımaların artırılması ilə bağlı qarşıdakı dövr üçün planlar nəzərdən keçirilib.
Sərgi çərçivəsində ADY sədri həmçinin Bolqarıstanın Burqas Limanının baş direktoru Boris Balev və Almaniyanın Hamburq Limanında fəaliyyət göstərən “HHLA International GmbH” şirkətinin rəhbərliyi ilə Orta Dəhliz üzrə yükdaşıma əməliyyatlarının səmərəli təşkili üçün regional limanlar arasında əməkdaşlığın genişləndirilməsini müzakirə edib.
Almaniyanın “Rhenus Group” və Avstriya Dəmir Yollarının “ÖBB Rail Cargo Group” şirkətlərinin rəhbər heyəti ilə keçirilən görüşlərdə isə Çin – Avropa – Çin nəqliyyat bağlantısı ilə Azərbaycan üzərindən yükdaşımaların daha səmərəli təşkili üçün görülə biləcək birgə işlər ətrafında fikir mübadiləsi aparılıb. Söhbət əsnasında Azərbaycanın Şərq – Qərb bağlantısında mühüm qovşaq kimi aparıcı rolu, nəqliyyat infrastrukturunun, o cümlədən Bakı – Tbilisi – Qars dəmiryol xəttinin perspektivləri diqqətə çatdırılıb.