Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (AVAT) Bakıda keçirilən 29-cu Baş Assambleyası çərçivəsində Dövlət Vergi Xidmətinin (DVX) rəisi Orxan Nəzərli Beynəlxalq Valyuta Fondunun (BVF) Fiskal Məsələlər Departamentinin Gəlir İdarəetməsi üzrə 1-ci şöbəsinin rəhbəri Debra Adams ilə görüşüb. DVX rəisi söhbət zamanı BVF nümayəndəsinə respublikamızda həyata keçirilən vergi islahatları barədə ətraflı məlumat verib.
DVX-nin bununla bağlı yaydığı məlumatda bildirilir ki, xidmət rəisi qonağa AVAT-nin Bakıda keçirilən 29-cu Baş Assambleyasında iştirakına görə minnətdarlığını bildirərək məclisdə zəngin və əhatəli təqdimatı ilə işgüzar müzakirələrə verdiyi töhfəyə görə məmnunluğunu ifadə edib.
Debra Adams DVX-nin 2025-2028-ci illər üzrə strategiyasında nəzərdə tutulan hədəflər, ölkəmizdə vergi inzibatçılığının təkmilləşdirilməsi, könüllü əməletmənin təşviqi sahəsində görülmüş işlər, “kölgə iqtisadiyyatı” ilə mübarizə istiqamətində tətbiq olunan vergi siyasəti barədə məlumatlandırılıb.
Görüşdə DVX əməkdaşları üçün “Vergi inzibatçılığının diaqnostik qiymətləndirmə aləti” əsasında daxili qiymətləndirmənin aparılmasına hazırlıq məqsədilə keçirilən təlimin nəticələri və bu sahədə gələcək planlar da müzakirə olunub. Bildirilib ki, bu qiymətləndirmə aləti vergi orqanlarında inzibatçılıq tədbirlərinin güclü və zəif tərəflərinin müəyyənləşdirilməsi, təkmilləşmə tədbirlərinin həyata keçirilməsi ardıcıllığı da daxil olmaqla islahat gündəliyinin aktual saxlanılması, beynəlxalq təcrübənin tətbiqi prosesində səmərəliyin artırılması, eləcə də həyata keçirilən islahatların təsirlərinin daha dəqiq qiymətləndirməsi kimi faydalara malikdir.
Görüşdə ikitərəfli əməkdaşlığın mümkün yeni istiqamətləri, BVF-in vergi inzibatçılığı ilə bağlı təcrübəsindən istifadəyə yönələn layihələr barədə də fikir mübadiləsi aparılıb.