Noyabrın 30-da Gürcüstanın Marneuli şəhərindəki “Azərbaycan Evi”ndə AZƏRTAC-ın təşəbbüsü ilə Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və müasir Gürcüstan” mövzusunda konfrans və fotosərgi təşkil edilib.
“Azərbaycan Evi”nin direktoru Məhəbbət İmanov çıxış edərək tədbirin əhəmiyyətindən danışıb. Bildirib ki, Ulu öndərin xatirəsinə həsr olunmuş konfrans və sərginin təşkili təkcə Tbilisidə deyil, Marneulidə və Gürcüstanın digər bölgələrində də keçirilməsi Ulu öndərə hörmət və ehtiramın, sevginin bariz nümunəsidir.
AZƏRTAC-ın Gürcüstan üzrə xüsusi müxbiri Xətayi Əzizov çıxış edərək, Ümummilli liderin həyat və fəaliyyətindən, Azərbaycan-Gürcüstan münasibətlərinin inkişafındakı xidmətlərindən danışıb. Bildirib ki, Ulu öndər Heydər Əliyevin təkcə Azərbaycan xalqı deyil, gürcü xalqının da qarşısında danılmaz, böyük xidmətləri olub.
Sonra Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşı Ramel Lətifov bildirib ki, səfirlik tərəfindən hazırlanan “Heydər Əliyev İli” tədbirlər planına əsasən Gürcüstanda da silsilə tədbirlər keçirilib. Tbilisidəki Botanika bağında "Heydər Əliyev adına nar bağı" salınıb, paytaxtda, regionlarda böyük sərgilər, konsert və digər tədbirlər təşkil olunub.
Gürcüstan Strateji Planlaşdırma Mərkəzinin rəhbəri, politoloq Levan Mamaladze çıxışında Heydər Əliyevlə bağlı görüşlərini xatırladıb. Ulu öndərin və Gürcüstanın sabiq Prezidenti Eduard Şevardnadzenin birgə səyləri nəticəsində reallaşan enerji və nəqliyyat layihələrinin əhəmiyyətini vurğulayıb. Bildirib ki, Ulu öndər Heydər Əliyevin xatirəsi daim gürcü xalqının xatirəsində yaşayacaq.
Daha sonra Marneuli bələdiyyəsi sədrinin müavini Rövşən İskəndərov, tarixçi alim, Gürcüstan parlamentinin sabiq deputatı Ramiz Bəkirov, Marneuli sakrebulunun üzvü Anar Piriyev, sabiq deputat Hidayət Hüseynov və başqaları Ulu öndər haqqında xatirələrini bölüşüb, onun gürcü xalqı qarşısındakı xidmətlərindən danışıblar.
XQ

