“Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir”

post-img

Aprelin 24-də Milli Məclisdə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusuna həsr edilən elmi-praktik konfrans keçirilib. 

Konfransa moderatorluq edən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Konstitusiyamızın müstəqil dövlətçiliyimizin təşəkkülündə və hüquqi cəmiyyət quruculuğunda rolunu yüksək dəyərləndirib, dövlətimizin əsas qanununun qəbulunda Ulu öndərin müstəsna xidmətlərini vurğulayıb. 

Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov isə qeyd edib ki, Prezident ­İlham Əliyevin 2024-cü il 28 dekabr tarixli Sərəncamı ilə 2025-ci il “Konstitusiya və Suverenlik İli” elan olunub. O, bu qərarın Konstitusiyamızın son 30 il ərzində keçdiyi inkişaf yolunu və onun ictimai münasibətlərin tənzimlənməsində oynadığı mühüm rolu əks etdirdiyini vurğulayıb. Ziyafət Əsgərov qeyd edib ki, 1995-ci ilin 12 noyabr tarixində qəbul olunan Konstitusiya ötən müddət ərzində dinamik şəkildə inkişaf edərək insan hüquq və azadlıqlarının təmin olunmasında mühüm rol oynayıb. 

Ziyafət Əsgərov deyib ki, Vətən müharibəsi zamanı Prezidentin rəhbərliyi ilə bütün dövlət qurumları birlik nümayiş etdirərək beynəlxalq hüququn normalarının təmin olunmasına nail olublar. Bu gün xalqımız Prezident, Müzəffər Ali Baş Komandan ­İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyünün, dövlət suverenliyinin və ölkənin bütün ərazilərində Azərbaycan Respublikası Konstitusiyasının hüquqi qüvvəsinin tam bərpasının qürurverici təntənəsini yaşayır.

Sonra Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, tarix üzrə fəlsəfə doktoru Mübariz Qurbanlı məruzə ilə çıxış edib. Dünya ölkələrinin konstitusiya təcrübələrinə diqqət çəkən M.Qurbanlı Azərbaycanın konstitusiya tarixinə nəzər salıb. Müstəqilliyimizi bərpa etdikdən sonra yeni Konstitusiyanın hazırlanmasının Azərbaycan dövlətçiliyinin qarşısında duran əsas vəzifələrdən olduğunu deyən məruzəçi ­1993-cü ildə xalqın tələbi ilə ümummilli lider Heydər Əliyev yenidən hakimiyyətə qayıtdıqdan sonra Konstitusiyanın hazırlanması işlərindən, onun geniş müzakirələrdən keçməsi və qəbulu prosesindən bəhs edib.

Sonra Konstitusiya Məhkəməsinin hakimi, hüquq elmləri doktoru Ceyhun Qaracayev “Azərbaycan Respublikası Konstitusiyasının keçdiyi inkişaf yolu (referendumlar)” mövzusunda məruzə ilə çıxış edib.

Sonra Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının rəisi, hüquq üzrə fəlsəfə doktoru Elşad Nəsirov “Konstitusiya qanunları Azərbaycan Respublikası Konstitusiyasının ayrılmaz hissəsidir” mövzusu üzrə məruzə edib. 

Konfransda mövzu ilə bağlı digər çıxışçılar Konstitusiyamızın həm Konstitusiya qanunları, həm də  referendum yolu ilə daha da inkişaf etdiyini bildiriblər, dövlətimizin əsas qanununun suverenliyimizin və ərazi bütövlüyümüzün tam təmin olunmasında oynadığı rolu qeyd ediblər.

XQ

 

Son xəbərlər