Avropa Parlamenti ölkəmizin uğurla ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində qəbul olunmuş Sülh, Yardım və Bərpa üçün İqlim Fəaliyyətinə dair Bakı Çağırışını (Bakı Çağırışı) iqlim fəaliyyəti, sülh və təhlükəsizlik sahəsində qlobal gündəliyin irəliləməsində mühüm mərhələ olduğu qənaətindədir.
Braziliyanın Belem şəhərində keçiriləcək COP30 konfransı ilə bağlı Parlamentin qəbul etdiyi xüsusi qətnamədə “iqlim, sülh və təhlükəsizlik gündəliyinə artan diqqət COP konfranslarında öz əksini tapmış, xüsusilə COP29 zamanı ‘Sülh, Yardım və Bərpa üçün İqlim Fəaliyyətinə dair Bakı Çağırışı’nın qəbul olunması ilə aydın şəkildə nümayiş olunmuşdur” deyə qeyd edilir.
Avropa Parlamentinin bu dəyərləndirməsi Bakı Çağırışının iqlim dəyişikliyi, münaqişələrin qarşısının alınması, humanitar yardım, sülh və münaqişədən sonrakı bərpa prosesləri arasındakı qarşılıqlı əlaqələrin həlli istiqamətində qlobal səyləri birləşdirən mühüm beynəlxalq təşəbbüs kimi artan əhəmiyyətini bir daha təsdiq edir.
Eyni zamanda, bu qiymətləndirmə qlobal iqlim diplomatiyasında Azərbaycanın lider mövqeyinin və beynəlxalq iqlim fəaliyyətində sülhə və dayanıqlı inkişafa verdiyi mühüm töhfənin bariz göstəricisidir.
XQ

