Xalq artisti Cahangir Novruzov: Dövlətimizin  diqqəti  həm də böyük mənəvi dayaqdır

post-img

Xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsində xidmətlərinə görə bir qrup şəxs Prezident İlham Əliyevin Sərəncamı ilə təltif olunub. Təltif edilənlər arasında  Xalq artisti, teatr və kino aktyoru, teatr rejissoru Cahangir Novruzov da var. Ona “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” verilib.

1995-ci ildən Türkiyədə yaşayan C.Novruzov 20 ildir Adana şəhərində, Çukurova Universitetinin Dövlət Konservatoriyasının teatr bölməsində çalışır. O, eyni zamanda Adana Azərbaycan Kültür və Həmrəylik Dərnəyinin sədr müavinidir.

Xalq artisti müxbirimizlə söhbətində bildirib ki, bu şad xəbər onun üçün gözlənilməz olub:

— Açığı, belə bir xəbəri gözləmirdim. Son günlər bütün düşüncəm və diqqətim yoldaşımın səhhəti ilə bağlı davam edən problemlərə yönəlmişdi. Əməliyyat olunmalıdır və bu gözlənti  həm narahatlıq, həm də ağır bir həyəcan yaradırdı. Belə anlarda insan hər şeydən çox mənəvi dayaq axtarır. Məhz bu həssas məqamda dövlət tərəfindən göstərilən diqqət və qayğı  sadəcə sevindirici bir xəbər deyil, məni və ailəmizi ayaqda saxlayan böyük bir mənəvi dəstək oldu. Sanki bu diqqət “tək deyilsən” mesajını verdi. O an hiss etdim ki, daxilimdə yığılıb qalan ağırlıq xeyli azaldı, qəlbimə sakitlik gəldi. Bu cür dəyər və etimad insanın gücünü artırır, ona yaşadığı çətinliklər qarşısında dayanmaq üçün yeni bir iradə və inam verir.

Onun sözlərinə görə, sənət adamı üçün ən böyük mükafat xalqına və dövlətinə xidmət etdiyini hiss etməkdir:

—  Mən hər zaman demişəm ki, biz sənət adamları vətənə xidmət edən insanlarıq. Bizim missiyamız təkcə səhnədə rol oynamaq deyil, milli kimliyi, mədəniyyəti, Azərbaycan adını ləyaqətlə təmsil etməkdir. İnsan vətəni üçün, milləti üçün çalışırsa, həm də öz borcunu yerinə yetirir.

Cahangir Novruzov vurğulayıb ki, dövlətin və rəhbərliyin böyüklüyü məhz bu borcun və  əməyin arxasında dayanan niyyəti görüb qiymətləndirməsindədir:

— Bu diqqət və ehtiram insan üçün son dərəcə qürurvericidir. Çünki belə məqamlarda anlayırsan ki, illər boyu görülən işlər, çəkilən zəhmət, edilən fədakarlıqlar hədər getməyib, səssiz qalmayıb. Bu, təkcə bir sənət adamının deyil, ümumilikdə vətənə xidmət edən hər kəsin əməyinə verilən yüksək dəyərin ifadəsidir. İnsan hiss edir ki, gördüyü işlər dövlətin və xalqın yaddaşında yaşayır, qiymətləndirilir.

Möhtərəm Prezidentimiz İlham Əliyev Azərbaycan xalqını uzun illərdən sonra başı dik, özünə inanan, gələcəyə ümidlə baxan bir millətə çevirən güclü və uzaqgörən liderdir. Bu gün ölkəmizin qazandığı uğurlar, milli qürurun və özünəinamın bərpası onun həyata keçirdiyi siyasətin, göstərdiyi qətiyyətli mövqenin nəticəsidir. Mənə göstərilən bu diqqəti də həmin böyük dövlətçilik baxışının, insana və əməyə verilən dəyərin təzahürü kimi qəbul edirəm. Buna görə də göstərilən etimada, diqqətə və yüksək qiymətə görə dərin hörmət və səmimi təşəkkürümü bildirirəm.

Müsahibimiz etiraf edib ki, vətəndən kənarda yaşadığı illər ona Azərbaycanı daha dərindən dərk etməyə imkan verib:

— Düzünü desəm, Azərbaycanda yaşadığım illərdə vətəni bu qədər dərindən hiss etməmişdim. Uzaqda olanda insan kim olduğunu, haradan gəldiyini daha aydın anlayır. Azərbaycanlı olmağın məsuliyyəti məhz orada – vətəndən kənarda insanın çiyinlərinə daha ağır düşür.

Onun fikrincə, əsas məsələ hamının etdiyini etmək yox, vətəni doğru şəkildə tanıtmaq və milli kimliyi layiqincə təmsil etməkdir:

— Azərbaycanlı olmaq təkcə pasportda yazılan söz deyil. Bu, davranışdır, duruşdur, örnək olmaqdır. Bu gün aldığım təbriklər, müəllimlərimin və professorlarımın zəngləri mənim üçün həm qürur, həm də böyük məsuliyyətdir. Sanki bir imtahandan keçdik və bu imtahan bizi daha diqqətli olmağa çağırır.

Söhbətinin sonunda Xalq artisti bir daha vurğulayıb ki, bundan sonra da bütün fəaliyyəti ilə Azərbaycan adına xidmət etməyə davam edəcək:

— Mən hər zaman Azərbaycan adına çalışmışam və bundan sonra da azərbaycanlı adını ləyaqətlə daşımağa davam edəcəyəm. Hörmətli və möhtərəm Prezidentimizə göstərdiyi diqqətə görə bir daha dərin minnətdarlığımı bildirirəm. Bu etimad mənim üçün həm şərəf, həm də məsuliyyətdir.

Müsahibəni hazırladı:

Namiq Qədimoğlu

XQ

 

 

 

 

 

 

 

 

 

 

Mədəniyyət