Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alır:
Maddə 1. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 5, maddə 413 (Cild I); 2024, № 5 (I kitab), maddə 486, № 12 (II kitab), maddə 1329; 2025, № 6, maddə 529) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 90-cı maddənin ikinci hissəsi və 92-ci maddənin üçüncü hissəsi ləğv edilsin;
1.2. aşağıdakı məzmunda 92-1-ci maddə əlavə edilsin:
“Maddə 92-1. Hakimin xidməti vəsiqəsi
Hakimə nümunəsi Məhkəmə-Hüquq Şurası tərəfindən təsdiq edilən xidməti vəsiqə verilir. Hakimə xidməti vəsiqə Məhkəmə-Hüquq Şurasının sədri tərəfindən təqdim edilir. Hakimin xidməti vəsiqəsi onun statusunu və vəzifəsini təsdiq edən sənəddir.
Hakim səlahiyyət müddəti ərzində xidməti vəsiqədən istifadə edir. Hakimin soyadı, adı, atasının adı, vəzifəsi dəyişdikdə və ya xidməti vəsiqənin etibarlılıq müddəti qurtardıqda, habelə xidməti vəsiqə itirildikdə və ya yararsız hala düşdükdə ona yeni xidməti vəsiqə verilir.
Hakimin səlahiyyətlərinə xitam verildikdə xidməti vəsiqə Məhkəmə-Hüquq Şurasına qaytarılır.”.
Maddə 2. “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 1, maddə 8 (Cild I); 2024, № 12 (II kitab), maddə 1329; 2025, № 4 (I kitab), maddə 308) 11.0.10-1-ci maddəsi aşağıdakı redaksiyada verilsin:
“11.0.10-1. hakimin xidməti vəsiqəsinin nümunəsini təsdiq edir;”.
Maddə 3. Bu Qanun qüvvəyə mindiyi gündən “Hakimlərin xidməti vəsiqəsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 7, maddə 403 (Cild I) ləğv edilir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 23 dekabr 2025-ci il

