Ukrayna Prezidenti Volodimir Zelenski avqustun 18-də ABŞ Prezidenti Donald Tramp ilə görüşəcəyini elan edib.
AZƏRTAC bu barədə Ukraynanın dövlət başçısının “Telegram” kanalına istinadla xəbər verir.
Zelenski bundan əvvəl Trampla əvvəlcə təkbətək, sonra isə Avropa liderlərinin iştirakı ilə uzun və məzmunlu söhbət edib.
Danışıqların ümumi müddəti bir saat yarım, Tramp ilə görüş isə təxminən bir saatdan çox olub.
O vurğulayıb: “Biz Prezident Trampın Ukrayna, Amerika və Rusiya arasında üçtərəfli görüş təklifini dəstəkləyirik. Ukrayna əsas məsələlərin liderlər səviyyəsində müzakirə oluna biləcəyini və bunun üçün üçtərəfli formatın uyğun olduğunu vurğulayır”.
Ukrayna Prezidenti, həmçinin ABŞ-la birlikdə Ukraynanın təhlükəsizliyini etibarlı şəkildə təmin etmək üçün avropalı tərəfdaşların cəlb edilməsinin vacibliyini vurğulayıb. O əlavə edib ki, Kiyev bütün müttəfiqləri ilə mövqelərini koordinasiya etməkdə davam edir. Zelenski Ukraynanı dəstəkləyən hər kəsə təşəkkürünü bildirib.
Zelenski qeyd edib ki, bazar ertəsi Vaşinqtonda keçiriləcək görüş zamanı Trampla müharibənin və qətllərin dayandırılması təfərrüatlarını müzakirə edəcək.
Qeyd edək ki, avqustun 15-də axşam Ankoricdə (Alyaska) ABŞ Prezidenti Donald Tramp ilə Rusiya Prezidenti Vladimir Putin arasında görüş baş tutub. Danışıqların əsas mövzusu Rusiyanın Ukraynada hərbi əməliyyatlarını dayandırması olub. Trampın sözlərinə görə, görüş zamanı atəşkəslə bağlı razılığa gəlmək mümkün olmayıb və indi gələcək hadisələr Ukrayna Prezidenti Volodimir Zelenskidən asılıdır.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev