“Prezident Kuboku–2025”in rəsmi paradı keçirilib

post-img

Aprelin 29-da akademik avarçəkmə, kayak və kanoe üzrə “Prezident Kuboku-2025” beynəlxalq turnirində iştirak edən komandaların rəsmi paradı və təqdimatı keçirilib.

Şəhərin mərkəzində təşkil olunan parada Azərbaycanla yanaşı, Estoniya, Gürcüstan, Almaniya, Yunanıstan, Macarıstan, Hindistan, Qazaxıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Polşa, Serbiya, Cənubi Afrika Respublikası, İspaniya, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistan komandaları qatılıblar. Rəsmi hissədən sonra müxtəlif rəqs və musiqi nömrələri təqdim olunub. Turnir iştirakçıları ansamblla birlikdə rəqsə qoşulublar.

Tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək Ümummilli liderin xatirəsinə ehtiramlarını bildiriblər.

Bu gün Qarabağın daha bir dilbər guşəsi olan Suqovuşanda “Prezident Kuboku-2025” beynəlxalq reqatasının rəsmi açılış mərasimi və 200 metr məsafədə yarışlar keçiriləcək. Reqata mayın 1-2-də Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində davam edəcək. Burada komandalar avarçəkmənin kayak, kanoe və akademik növündə müxtəlif məsafələrdə mübarizə aparacaqlar.

L.AZAD
XQ

 

İdman