Həmyerlimizin sorağı Rusiya yarışmasından gəlir

post-img

“Orta məktəbin 9-cu sinfində oxuyanda velosiped sürmək həvəsinə düşdüm. Atam yaxın bir dostunun eyvanındakı sınıq-salxaq “Desna” markalı bir velosipedi gətirib dedi ki, əgər bunu sazlasan, onda həvəsinin ötəri olmadığına inanaram”.

Avtomobil həvəskarı Aleksandr Semixov sonra sözünə davam etdi:

– Heç üstündən bir ay keçməmiş velosipedi işlək vəziyyətə gətirdim. Üstəlik, velosipedi yaraşıqlı və baxımlı etdiyimə görə tay-tuşlarımın gözü onda idi. Avtomobil dünyasına qədəm basmağım da belə iki təkərin üstündən başlandı...

Beləcə Aleksandrın 14 il əvvəl aldığı köhnə “QAZ-69” markalı avtomobilin indi Rusiyanın məşhur avtomobil sosial şəbəkələrində “Drive 2” markalı ən yaxşı minik avtomobilləri sırasında 5-ci yerdə olması heç də təəccüblü deyil...

Aleksandr 1997-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunu bitirib, bir sıra şirkət və təşkilatlarda işləyib. 2008-ci ildən neft şirkətlərindən birində mühəndis işləyir. Texnikaya olan həvəsi 2006-cı ildən onu “4x4 off-roud” klubuna aparıb çıxarıb.

“QAZ-69” markalı avtomobilə xüsusi həvəs göstərən Aleksandr sosial şəbəkələr vasitəsilə 2011-ci ildə Binəqədi qəsəbəsində həmin markadan 1965-ci ildə istehsal olunan avtomobilin satıldığını öyrənib və onu alıb. Maşının oturacaq və sükanını, sürət və paylayıcı qurğusunu, banını, körpüləri tamamilə yenisi ilə əvəz edib. Köhnə təkərləri Rusiyadan gətizdirdi yolsuzluq şəraitinə uyğunlaşdırılmış təkərlərlə dəyişib. Avtomobilin benzin mühərrikini 75 at gücündən 92-95 at gücünə çatdırıb. Avtomobilin rahatlığı və xarici görünüşü də tamamilə dəyişib.

Bundan sonra o, bir neçə dəfə “off-raud” yürüşlərinin iştirakçısı olub. 2012-ci ildə Qobustan rayonunun Cəngi kəndi yaxınlığında və 2013-cü ildə Zirə qəsəbənin yaxınlığında keçirilən “Payız və Cimərlik Jeep Trial”, Xızı rayonunda səmti müəyyənləşmə yarışlarında iştirak edib və yüksək nəticələr göstərib.

Həmin yarışlarda səfər yoldaşı olan yaxın dostu Roland deyir:

– Saşanın dəvəti ilə 14 il əvvəl 4x4 klubuna üzv yazılmışam. Bir yerdə Qubanın Xınalıq, Dəhnə və Qrız kəndlərinə, Şabranın Nohurlar kənlərində, Altıağac və Xızı rayonlarında bir çox keçilməz dağ kənd yollarını birlikdə keçmişik. Biz əsasən o yerlərə turizm səfərlərinə gedirik ki, oradakı yolsuzluq şəraitində hər maşınla hərəkət etmək olmur. Onun “QAZ-69”-unun keçdiyi yolları müasir avtomobillərin çoxu keçə bilmir.

Aleksandr Semixovu sevimli “QAZ-69” ilə son illər tez-tez keçirilən klassik avtomobillərin yürüşündə görmək olar. 2018, 2019, 2023 və 2024-cü illərdə ölkəmizdə təşkil olunan klassik avtomobillər yürüşünün iştirakçısıdır. Onu da qeyd edək ki, Aleksandrın qızı Alika bu il Bakıda keçirilən Formila-1 yarışlarının marşalı olub.

Müasir şəxsi minik maşını olsa da, “QAZ-69” Aleksandr üçün ən sevimli nəqliyyat vasitəsidir. Avtomibil həvəskarları onu yaxşı tanıyırlar, məsləhət və tövsiyələrinə diqqət kəsilirlər.

...Retro görünüşü ilə diqqəti özünə cəlb edən QAZ-69 daşlı-kəsəkli, palçıqlı yollarla irəliləyir. Yol nə qədər ağır və çətin olsa da, heç bir maneə onun qarşısını kəsə bilməz. Çünki sükan arxasında Aleksanr Semixovdur.

Süleyman QARADAĞLI

Sosial həyat