İstanbulda Rusiya–Ukrayna danışıqlarının üçüncü raundu

post-img

Tərəflərin memorandumlar üzrə mövqelərini yaxınlaşdırmaq mümkün olmadı

İstanbuldakı Çırağan sarayında Rusiya və Ukrayna nümayəndə heyətləri arasında sülh danışıqlarının üçüncü raundu keçirilib. İclasa Türkiyənin xarici işlər naziri Hakan Fidan sədrlik edib. Danışıqlarda Türkiyə Milli Kəşfiyyat İdarəsinin (MİT) rəhbəri İbrahim Kalın və Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Metin Gürak da iştirak edib. Bu barədə “Anadolu” məlumat verib.

Rusiya nümayəndə heyətinə Rusiya Prezidenti Vladimir Putinin müşaviri Vladimir Medinski, Ukrayna nümayəndə heyətinə isə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustəm Umerov rəhbərlik edib.

Fidan bildirib ki, Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqların son məqsədi “qiyməti çox yüksək olan bu qanlı müharibəni” tez bir zamanda bitirmək, sülhə yol açacaq atəşkəsə nail olmaqdır.

Nazir vurğulayıb ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan uzun illərdir bu münaqişəli bölgədə “sülh məşəli”ni daşıyan liderdir: “Türkiyə onun rəhbərliyi altında ilk gündən Rusiya ilə Ukrayna arasında sülhün bərqərar olması üçün intensiv səylər göstərir”.

Danışıqlarının üçüncü raundunun yekunlarına dair mətbuat konfransında çıxış edən Vladimir Medinski deyib ki, Rusiya tərəfi Ukrayna ilə danışıqların dördüncü mərhələsinin baş tutacağına ümid edir. Onun sözlərinə görə, Rusiya Ukraynaya yaralıların və ölən əsgərlərin cəsədlərinin döyüş meydanından çıxarılması üçün 24-48 saatlıq qısa atəşkəs elan edilməsi məsələsinə baxmağı təklif edib. Rusiya tərəfi Ukrayna Silahlı Qüvvələrinin həlak olmuş 7 mindən çox hərbçisinin cəsədini Ukraynaya təhvil verib, eyni zamanda, rus əsgərlərinin cəsədinin bir hissəsini də geri alıb. Rusiya Ukraynaya daha 3000 həlak olmuş ukraynalı hərbçinin cəsədini təhvil verməyi təklif edib. Bundan əlavə, hər iki tərəfdən daha 1200 məhbusun mübadiləsi barədə razılıq əldə olunub.

Nümayəndə heyətinin rəhbəri əlavə edib ki, İstanbulda danışıqlar zamanı Rusiya və Ukrayna ikinci görüşdə təklif olunmuş memorandumlar ətrafında mövqelərini geniş şəkildə müzakirə ediblər. Mövqelər bir-birindən kifayət qədər uzaqdır, lakin tərəflər təmasları davam etdirmək barədə razılığa gəliblər.

Xatırladaq ki, Rusiyanın memorandumu atəşkəs üçün 2 variant təklif edir: Ukrayna Silahlı Qüvvələrinin Rusiya Federasiyasına birləşdirilən ərazilərdən çıxarılması və ya qoşunların yerdəyişməsinə qadağa qoyulması, səfərbərliyin və Kiyevə xarici hərbi yardımın dayandırılması. Əsas tələblər arasında Ukraynanın neytrallığı və yeni regionların beynəlxalq hüquqi tanınması da var.

Ukraynanın memorandumu isə xüsusi ilkin şərt olmadan atəşkəsin tətbiqini, Rusiya Federasiyası və Ukrayna liderlərinin görüşünü nəzərdə tutur. Burada həm də Ukraynanın neytrallığı qorumağa borclu olmadığını qeyd edilir.

Medinski Ukrayna tərəfinin təklif etdiyi Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Vladimir Zelenskinin görüşünün şərtlərini də açıqlayıb. Onun sözlərinə görə, Ukraynaya çatdırılıb ki, Putinlə Zelenski arasında görüş yaxşı işlənib hazırlanmalıdır: “Belə bir görüşün baş tutması üçün əvvəlcə sazişin şərtlərini hazırlamaq və bu görüşdə nəyi müzakirə edəcəyini anlamaq lazımdır, amma əslində bu görüşdə sazişi müzakirə etmək yox, ona son qoymaq və imzalamaq lazımdır”, - deyə o bildirib.

Medinski bildirib ki, Rusiya Ukraynaya onlayn rejimdə işləyəcək 3 işçi qrupu yaratmağı təklif edib. Qrup danışıqlar prosesinin hərbi, siyasi və humanitar komponentlərinə cavabdeh olmalıdır. Ukrayna bu təklifə baxmağa razılaşıb.

Ukrayna nümayəndə heyətinin rəhbəri Rüstəm Umerov isə deyib ki, Rusiya tərəfinə avqustun sonuna qədər iki ölkə prezidentləri Vladimir Putin və Vladimir Zelenski arasında sammit keçirməyi, görüşdə Türkiyə və ABŞ liderləri Rəcəb Tayyib Ərdoğan və Donald Trampın da iştirakını təklif edib. Onun dediyinə görə, Ukrayna ardıcıl olaraq liderlərin görüşünün tərəfdarıdır: “Biz dünən buna hazır idik. Bu gün də hazırıq. Sabah da hazır olacağıq. Belə görüş real siyasi tərəqqinin kilidini açmaq iqtidarındadır. Rusiya hazır olduğunu nümayiş etdirməlidir”.

Ukrayna nümayəndə heyətinin rəhbəri qeyd edib ki, Ukrayna məhbus mübadiləsi məsələsində irəliləyiş gözləyir. Eyni zamanda, Rusiya tərəfi görüşdə üç ildən artıq əsirlikdə olan şəxslərin geri qaytarılmasına razılıq verib. Bundan əlavə, Rusiya və Ukrayna hərbi və mülki əsirlərin növbəti mübadiləsinə dair razılığa gəliblər və bu məsələ ilə bağlı danışıqların yeni raundunu keçirməyəcəklər: “Biz ədalətli və davamlı sülhə nail olmaq, xalqımızın bütün nümayəndələrinin, o cümlədən Rusiyaya qanunsuz deportasiya edilmiş uşaqların geri qaytarılması üçün danışıqlar prosesini davam etdiririk”.

Rusiya və Ukrayna arasında danışıqların üçüncü raundu İstanbulda başa çatıb və bunun nəticəsində tərəflər 1200 hərbi əsirin dəyişdirilməsi və 3000 hərbçinin cəsədinin Ukrayna tərəfinə təhvil verilməsi barədə razılığa gəliblər. Moskva həmçinin Ukrayna hərbçilərinin hələ də Ukrayna ərazisində olan Kursk vilayətinin sakinləri ilə dəyişdirilməsini təklif edib.

Paşa ƏMİRCANOV
XQ

Dünya