“Haber Global”: Çin, Fransa və ABŞ Türkiyənin Somalidəki kosmodromu ilə bağlı kəşfiyyat məlumatları toplayır

post-img

Bəzi ölkələrin kəşfiyyat xidmətləri Somalidə tikilməsi planlaşdırılan Türkiyə kosmodromunun yerləşəcəyi ərazi ilə bağlı məlumat toplamağa başlayıb.

AZƏRTAC xəbər verir ki, məlumatı Türkiyənin “Haber Global” telekanalı yayıb. Məlumata görə, Çin, Fransa və ABŞ Afrika dövləti üzərində casus peyklər yerləşdirib. Çin isə Qırmızı dəniz bölgəsinə “Liaovang-1” adlı izləmə və idarəetmə gəmisini göndərib.

Telekanal bildirir ki, “Liaovang-1” gəmisinin əsas vəzifələrindən biri Türkiyənin istehsal etdiyi raket buraxılış sistemləri ilə bağlı kəşfiyyat məlumatları toplamaqdır.

“Haber Global” xatırladır ki, Türkiyə və Somali liderləri 2024-cü ilin dekabrında Somalidə kosmodrom layihəsinin həyata keçirilməsinə başlandığını elan ediblər.

Televiziya kanalı Avropanın “Intelligence Online” portalının məlumatına diqqət çəkərək qeyd edir ki, bir sıra ölkələr Somalinin peyk şəkillərini təhlil edir. Söhbət xüsusilə Fransaya məxsus “Pleiades Neo”, ABŞ-ın “WorldView Legion” və Çinin “Jilin-1” peyklərindən gedir.

“Haber Global” əlavə edir ki, kosmodromla yanaşı, Türkiyə Somalinin sahilində logistik mərkəz də inşa edir.

“Bəzi mənbələrə görə, yeni kosmodrom yalnız kosmik aparatların buraxılışını həyata keçirməyə deyil, həm də orta və uzun mənzilli raketlərin sınaqdan keçirilməsinə imkan verəcək”, – deyə telekanal bildirir.

İddiaya görə, Türkiyənin Somalidə kosmodrom layihəsi ilə bağlı xəbərlər yayıldıqdan sonra İtaliya Keniyada dondurulmuş baza layihəsini yenidən işə salmaq qərarı verib, Səudiyyə Ərəbistanı isə Oman ərazisində kosmodrom qurma imkanını nəzərdən keçirir.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Dünya