Sol partiyaların impiçment çağırışları Makronun mövqeyini sarsıdır
Fransada siyasi gündəm yenidən alovlanıb. Müxalif “Əyilməz Fransa” (LFI) partiyasının aparıcı simalarından biri – Jan-Luk Melanşon prezident Emmanuel Makronun impiçmenti üçün parlamentə təklif təqdim olunduğunu bəyan edib. Melanşon uzun müddətdir Makronu xalqın iradəsini nəzərə almamaqda günahlandırır. O, ötənilki parlament seçkilərinin nəticələrinə etiraz edərək prezidentin legitimliyini şübhə altına almışdı.
Ümumiyyətlə, Fransanın mövcud siyasətində Emmanuel Makronun nüfuzu getdikcə zəifləyir. “Le Figaro” qəzetinin “Veria” sorğu mərkəzinə istinadla yaydığı məlumata görə, ölkə əhalisinin cəmi 15 faizi prezidentə etibar edir. Sorğuda iştirak edənlərin 80 faizi Makrona inanmır, 5 faizi isə fikrini bildirməkdə çətinlik çəkib. Reytinqdəki kəskin enişin səbəbləri əsasən sosial-iqtisadi sahədə görülən siyasətlə bağlıdır. Təqaüd yaşının 62-dən 64-ə qaldırılması milyonlarla fransızın həyat planlarını dəyişdirdi və ölkə miqyasında kütləvi etirazların başlanğıc nöqtəsinə çevrildi. Tətillər hökumətin “sosial ədalət” prinsipini pozduğu ittihamı ilə həyata keçirilirdi. Paralel şəkildə baş nazir Bayrunun təqdim etdiyi sosial xidmətlər paketi də əhalidə məyusluq yaratdı. Beləliklə, bir-birini tamamlayan narazılıqlar fonunda Makronun nüfuzu kəskin şəkildə azalıb. Siyasi liderin xarakteri də ictimaiyyətdə xoş qarşılanmır. Çünki Makron sələflərindən fərqli olaraq cəmiyyətin aşağı təbəqələri ilə dialoq qurmaqda çətinlik çəkir. Görünür, onun empatiya qabiliyyəti yox həddindədir. Fransız mediasında da tez-tez Makronun özünü “əlçatmaz lider” kimi təqdim etməkdə maraqlı olduğu vurğulanır. Bu isə cəmiyyətdə qıcıq yaradır və onun “narsist prezident” obrazını gücləndirir.
Fransa hökumətinin təqdim etdiyi yeni büdcə layihəsi ölkədə narazılıq dalğası yaradıb və bu artıq sosial şəbəkələrin hüdudlarını aşaraq siyasi müstəviyə keçib. Əvvəlcə yalnız internetdə suverenist qrupların təşəbbüsü kimi görünən etiraz çağırışları sentyabrın 10-da ölkənin blokadaya alınması ideyası ilə daha geniş rezonans doğurub. Maraqlı məqam isə odur ki, bu təşəbbüs qısa müddətdə həm solçu, həm də sağçı siyasi dairələrin dəstəyi ilə ümummilli səciyyə qazanmağa başlayıb. Büdcə layihəsi bir sıra mübahisəli maddələrlə diqqət çəkir. Xərclərin azaldılması, sosial öhdəliklərin ixtisarı, hətta iki rəsmi bayram gününün ləğvi kimi təkliflər cəmiyyətin narahatlığına səbəb olub. Bu addımlar hökumətin iqtisadi sabitlik naminə sosial yükü vətəndaşların üzərinə ötürmək niyyətində olduğunu göstərir. Əslində, proses 2018-ci ildəki “sarı jiletlilər” hərəkatı ilə müqayisə edilə bilər. Həmin vaxt olduğu kimi, indi də etirazların ilk mərkəzi sosial şəbəkələrdir. Hətta “sarı jiletlilər” hərəkatının bəzi tanınmış simaları blokada çağırışına açıq dəstək nümayiş etdirirlər. Bu isə narazılığın spontan aksiyadan sistemli hərəkat potensialına keçə biləcəyinə işarədir. Blokada çağırışı həm də cəmiyyətin hökumətə etimadsızlığının, sosial ədalət gözləntilərinin və siyasi institutlara qarşı artan qəzəbinin ifadəsidir. Məsələdə hakimiyyət ilə xalq arasındakı münasibətlərdə yaranmış psixoloji qırılma da mühüm rol oynayır. Xarici analitiklər də sosial sabitliyi nəzərə almadan qəbul edilən qərarların ölkəni “böhran burulğanına” sala biləcəyi barədə xəbərdarlıq edirlər. Burada “xalqın səsini eşitməyən hakimiyyət bir gün onun qəzəbinin səsində boğular” aforizmini xatırlatmaq yerinə düşər. Hər nə qədər Makron hakimiyyəti xalqın gözləntilərini gözardı edəcəksə “istənməyən lider” damğası ondan əl çəkməyəcək.
Makron iqtidarının “fransızsayağı demokratiya” nümunəsi olaraq atdığı addımlar ölkə daxilində mənfi reaksiyalar doğurur. Bir müddət əvvəl Paris məhkəməsi ultrasağçı Milli Birlik Partiyasının fraksiya rəhbəri Marin Le Peni ciddi cəzaya məhkum edib. Məhkəmənin qərarına görə, Le Pen Avropa Parlamentinin vəsaitlərinin mənimsənilməsi işində təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrum edilib və 100 min avro məbləğində cərimələnib. Qərara əsasən, o, cəzasının iki ilini şərti, son iki ilini isə elektron bilərzikdə ev dustaqlığında keçəcək. Bundan əlavə, Le Pen beş il müddətinə seçki hüququndan məhrum edilib. Eyni zamanda, Avropa Parlamentinin digər səkkiz deputatı da bu qanunverici orqanın vəsaitlərini mənimsəməkdə təqsirli bilinib. Bununla hökümət digər siyasi fiqurlara mesaj göndərib ki, siyasi mərkəzdən kənara çıxan oyunçular ciddi nəticələrlə üzləşə bilər. Fransa prezidenti Emmanuel Makronun baş verən hadisələr fonunda mediaya yanaşması da öz növbəsində ölkədə söz azadlığının pozulmasına dair ciddi narahatlıqlar yaradır. Hökumətin siyasətini tənqid edən jurnalistlərə qarşı tətbiq olunan hüquqi və maliyyə təzyiqləri müstəqil medianın fəaliyyət imkanlarını məhdudlaşdırır. Sosial etirazlar və kütləvi nümayişlər zamanı jurnalistlərin hadisə yerlərinə gəlişi polis tərəfindən ciddi şəkildə məhdudlaşdırılıb ki, bu da informasiyanın sərbəst yayılmasını əngəlləyir. Makron hökuməti, həmçinin, “saxta xəbər” iddiaları ilə jurnalistlərin özəl mənbələrinə qarşı müxtəlif tədbirlərin görülməsini təşviq edib, nəticədə mediada özünü senzura şəraiti yaranıb. Eyni zamanda, sosial şəbəkələrdə hökumətin tənqidinə yönəlik informasiyaların aradan qaldırılması üçün bəzi platformalarla əməkdaşlıq aparılır ki, bu da söz azadlığının əngəllənməsi kimi qiymətləndirilir. Bu addımlar, guya, Makronun siyasi hakimiyyətini möhkəmlətmək strategiyasına xidmət edir və onu “fransızsayağı demokratiya” anlayışı çərçivəsində daha çox mərkəzləşdirilmiş, rəqibləri və tənqidçiləri “aradan götürən” lider kimi göstərir. Makron hakimiyyəti hesab edir ki, bu cür yollarla istədiyinə nail olacaq, amma unudur ki, ona qarşı nifrət atdığı müddətdə ictimai rəy dəyişməyəcək.
Sonda bir məqamı da vurğulayaq ki, Fransada sağçı qüvvələrin siyasi nüfuzunun yüksəldiyi danılmaz faktdır. “Le Figaro” nəşrinin məlumatına görə, əgər növbədənkənar parlament seçkiləri keçirilsə, daxildə siyasi vəziyyətin əhəmiyyətli dərəcədə dəyişməsi mümkündür. Bir qədər də dəqiqləşdirsək, ifrat sağçı Milli Cəbhə Partiyası və onun müttəfiqləri parlamentdə yerlərin ən azı 33 faizinə sahib ola bilərlər. Bu göstərici digər siyasi partiyaların, xüsusilə sol və mərkəzçi qüvvələrin 10–19 faiz arasında səs toplaya biləcəyi proqnozu ilə müqayisədə sağçı bloka dominant mövqe qazandırır. Maraqlıdır ki, avqustun sonunda aparılmış oxşar rəy sorğusu da Milli Cəbhənin parlamentdə 32–33 faiz səviyyəsində təmsil olunacağını göstərmişdi.
Oqtay QASIMOV,
politoloq
Sağçıların, sol qüvvələrin Makrona qarşı impiçment təşəbbüsü yeni deyil. Bundan əvvəl də belə cəhdlər olmuş və sol cəbhə hətta əvvəlki parlament seçkilərində müəyyən uğurlar qazanmışdı. Makron isə həmin seçkilərin nəticələrini ləğv edərək növbədənkənar parlament seçkilərinə getmişdi. Hazırda Fransada Makronun reytinqi kifayət qədər aşağı düşüb. Bunun əsas səbəbi ölkənin dövlət borclarının artması, ciddi sosial narazılıqlar və iqtisadiyyatın geriləməsidir. Bütün bunlar onun hakimiyyətini müəyyən qədər zəiflədən amillərdir. Makronun iqtisadi siyasətinə qarşı narazılıq həm adi fəhlələr, həm də orta təbəqə arasında geniş yayılıb. Sosial media platformalarında yayılan etiraz çağırışları və kütləvi narazılıq prezidentin siyasi “imicinə” ciddi zərbə vurur. Eyni zamanda, regional siyasətdə buraxılan səhvlər və sosial layihələrin paytaxt mərkəzli olması bölgələrdə işsizliyin artmasına səbəb olub. Rəqibləri Makronun zəifləməsindən istifadə edərək, özlərinin siyasi mövqelərini gücləndirməyə çalışırlar. Xarici siyasətdə isə Makronun Avropa İttifaqı və NATO ilə əlaqələrində verdiyi yanlış qərarlar daxili narazılıqları daha da gücləndirir. Bu şəraitdə prezidentin həm daxili, həm də beynəlxalq səhnədə təzyiqlərlə üzləşməsi təsadüfi deyil.
Nəzrin ELDARQIZI
XQ