Qazaxıstanın Akmola vilayətində uşaqları daşıyan “Mercedes” markalı mikroavtobusun iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC “Kazinform” agentliyinə istinadla xəbər verir ki, mikroavtobusun sürücüsü yük maşınını ötməyə çalışarkən idarəetməni itirib və nəqliyyat vasitəsi aşıb.
Avtobusda 14–16 yaş aralığında olan 16 uşaq və onların məşqçisi olub. Onlar Pavlodardan Astanaya yarışa gedirmişlər.
Qəza nəticəsində məşqçi hadisə yerində dünyasını dəyişib. Uşaqların hamısı xəstəxanaya çatdırılıb. Yeddi yeniyetmə hospitala yerləşdirilib, onlardan biri reanimasiyadadır. Heç bir xəsarət almayan doqquz uşaq isə müvəqqəti olaraq stasionarda yerləşdirilib.
Polis faktla bağlı cinayət işi açıb. Hadisənin bütün detalları araşdırılır.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana